Hər il dünyadakı okean və dəniz sularında irili-xırdalı onlarla gəmi qəzası baş verir. Belə qəzalar nəticəsində suya qərq olan bəzi gəmiləri çıxarmaq mümkün olmadığından onlar əbədi olaraq dənizin və ya okeanın dibində qalır.
İndiyədək Xəzər dənizinin Azərbaycana aid ərazi sularında da yüzlərlə gəmi batıb. Görülən tədbirlər nəticəsində onların bəziləri çıxarılsa da, dənizin dibi hələ də gəmilər qəbristanlığı olaraq qalır.
İndiyədək dünyada baş vermiş ən məşhur gəmi qəzası «Titanik»in batmasıdır. Xatırladaq ki, bu hadisə 1912-ci il aprelin 15-də baş verib. Britaniya sahillərini tərk edən «Titanik» səyahətin beşinci günü Atlantik okeanının şimalında nəhəng aysberqlə toqquşaraq qəzaya uğrayıb. Hadisə nəticəsində gəmidə olan 1503 adam həlak olub.
Son 20 ildə də xeyli səs-küylu gəmi qəzaları baş verib. Məsələn, 2006-cı ilin dekabrında Yava sahillərində «Senopati Nusantara» gəmisinin batması nəticəsində 46 nəfərin cəsədi tapılıb, 349 nəfər itkin düşüb. 2007-ci ilin fevralında Misirin «Salam-98» gəmisinin Qırmızı dənizdə batması nəticəsində 1400 sərnişindən yalnız 387-si salamat qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, indiyədək Xəzər dənizində 450-dən artıq gəmi, 200 kater, 10 bərə, 30 təyyarə, 30 min tondan artıq kimyəvi maddə, radioaktiv birləşmələr və yüzlərlə sistern batıb. Onların sulara qərq olması ayrı-ayrı illərdə müxtəlif səbəblərdən baş verib.
Mütəxəssislərin fikrincə, Xəzər sularındakı gəmiçilik idarələrinə məxsus metal tullantılar, batmış və yarımbatmış gəmilər, eləcə də istismara yararsız yanalma körpüləri uzun illərdən bəri dənizin biomüxtəlifliyinə mənfi təsir göstərir.
Xəzərdə ən böyük gəmi qəzası 2002-ci il oktyabrın 22-də baş verib. Həmin vaxt Azərbaycana məxsus «Merkuri-2» gəmisinin batması nəticəsində 50 nəfər həlak olub. Onlardan 41-nin meyitini tapmaq mümkün olmayıb. Xəzərin 140 metr dərinliyinə çökən «Merkuri-2» gəmi-bərəsini isə dənizin dibindən çıxarmaq mümkün olmayıb.
Bəzi qeyri-rəsmi mənbəələr isə Xəzərdəki batmış gəmilərin sayının dəqiq bilinmədiyini və rəsmi məlumatlardakından çox olduğunu iddia etməkdədirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət öncə dənizdə batmış gəmilərin çıxarılması üçün layihə hazırlayıb. Layihə çərçivəsində müvafiq dövlət qurumları Bakı buxtasında batmış gəmilərin uçotunu aparıb. Layihəyə uyğun olaraq son iki ildə Xəzərin Azərbaycana aid ərazi sularından çəkisi təxminən 2110 tondan artıq olan batmış gəmilər çıxarılaraq metal tullantısı kimi «Baku Steel Company» poladəritmə zavoduna təhvil verilib. Amma ağır çəkili gəmiləri çıxarmaq hələ baş tutmayıb. Xəzərdə batmış gəmilər korroziyaya uğradığından tərkibindəki zəhərli birləşmələr dəniz suyuna qatışır.
ETSN-dən bildirilib ki, Xəzərin Qazaxıstan, Rusiya, İran və Türkmənistan aid ərazi sularında da müxtəlif illərdə yüzlərlə gəmi batıb. Onların əksəriyyəti bu gün də dənizin dibində çürüyür. Ümumiyyətlə Xəzərdə batmış gəmilərin hamısının yeri dəqiq müəyyənləşdirilməyib. Müxtəlif dərinliklərdə yerləşən batmış gəmilərin əksəriyyətinin çıxarılması qeyri-mümkün sayılır.
Adəm QORXMAZ