Modern.az

Göyçay deyəndə ilk yada düşən nə olur? (Tanınmışların cavabı)

Göyçay deyəndə ilk yada düşən nə olur? (Tanınmışların cavabı)

4 Oktyabr 2011, 10:55


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə də tanınırlar. 
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Bu dəfı də tanınmışlardan Göyçay rayonu deyəndə ilk yada nəyin düşdüyünü öyrənməyə çalışdıq.

“Gülövşə narını çox sevirəm”

“Borcalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, bir neçə məqam ona Göyçay rayonunu xatırladır.
“Öncə onu deyim ki, övladlarımın anası Şirvan bölgəsindəndir. İlk olaraq bu rayon mənə ona görə yaxındır”.

Z.Məmmədli qeyd etdi ki, Göyçayı həm də məsafənin yarısı kimi qiymətləndirir. “Belə ki, Tiflisə gedəndə Göyçaydan keçərkən məsafənin yarısını qət etdiyimi düşünürəm”.
Bu rayondan çox sayda dostlarının olduğunu deyən Z.Məmmədli əlavə etdi ki, Göyçay narı ilə də məşhurdur.
“Gülövşə narını çox sevirəm, hər dəfə ora gedəndə mütləq alıram”.

Göyçay rayonunun insanları hər hansı fərqli xüsusiyyətə görə digər rayonların sakinlərindən fərqlənirmi? Z.Məmmədli bildirdi ki, insanları rayonlara görə bölməyi xoşlamır. “Millətimizin hamısı eyni xüsusiyyətə malikdir. Bu rayonun insanları təmiz türklərdən ibarətdir. Türk adət-ənənələrini yaşadır və bu ənənələrə uyğun yaşayırlar”.

“Göycay polietnik arealdır”

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu rayon eyni zamanda polietnik arealdır. “Burada ləzgilər də yaşayır. Bu rayondan çox sayda dostum var. Hamısı da çox qonaqpərvər insanlardır”.

Zərdüşt Əlizadə əlavə etdi ki, Göyçay gözəl təbiəti ilə də fərqlənir.

Göyçaylıları fərqləndirən xüsusiyyətin olub-olmamasına gəlincə, Z.Əlizadə söylədi ki, bu rayonun insanları qonaqpərvər, dostcanlıdırlar.

“Nar bayramlarını xatırlayıram”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev söylədi ki, bu rayonun adı çəkiləndə nar və orda keçirilən nar bayramlarını xatırlayır. İ.Quliyev daha sonra bildirdi ki, bu rayonun adı çəkiləndə yazıcı Anar da yadına düşür. “Şəxsi planda isə universitetə qəbul xəbərini Göyçayda eşitmişəm. Ona görə, bu rayonun adı gələndə tələbəlik illərm də yadıma düşür.  ”

Bu rayonun insanlarını fərqləndirən cəhətin olub-olmamasına gəlincə, İ.Quliyev bildirdi ki, göyçaylılar onun yaddaşında səliqəli, qohumpərəst, dostpərəst insanlar kimi qalıblar.
“Mən Ağsu rayonundanam, qonşu rayonlardanıq. Mənim yaddaşımda onlar bir sıra müsbət keyfiyyətləri ilə qalıblar”.

“Göyçay narıının adı, Kürdəmir narının dadı”

Komminist Partiyasının sədri Telman Nurullayev bildirdi ki, bu rayon xüsusi bir cəhətlə onun yadında qalmayıb. “Əvvəllər deyirdilər ki, Göyçayın narı var, amma indi deyirlər “Göyçay narının adı, Kürdəmir narının dadı”. Bununla da hər şey bitdi”.
Göyçaylıları fərqləndirən xüsusiyyətin olub-olmamasına gəlincə T.Nurullayev söylədi ki, insanları xususiyyətlərinə görə bölgələrə bölmək yaxşı hal deyil.
“Biz hamımız azərbaycanlıyıq, hər birimizdə eyni xüsusiyyətlər olmalıdır. Başqa ölkələrdə belə hallar yoxdur ki, insaları rayonlara görə bölsünlər. Biz bunu edərək özümüzü bədbəxt günə qoymuşuq. Biz hamımız azərbaycanlıyıq. Bu qədər”.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir