Modern.az

İlham Əliyev Bakıda yeraltı piyada keçidlərinin və yol qovşağının açılışında iştirak edib (YENİLƏNİB)

İlham Əliyev Bakıda yeraltı piyada keçidlərinin və yol qovşağının açılışında iştirak edib (YENİLƏNİB)

Təhsil

4 Oktyabr 2011, 13:49

İktyabrın 4-də Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsində, Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, müasir standartlara cavab verən keçidin uzunluğu 44,14 metr, eni 6, hündürlüyü isə 3 metrdir. Prezident İlham Əliyev yeraltı piyada keçidini gəzib.

Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilən digər yeraltı piyada keçidinin açılışında iştirak edib.
Məlumat verilib ki, keçidin uzunluğu 48,1 metr, eni 6, hündürlüyü isə 3 metrdir.
Keçidin inşasında əsas məqsəd sakinlərin və yaxınlıqda yerləşən orta məktəbdə təhsil alan şagirdlərin təhlükəsizliyini, eləcə də avtomobillərin fasiləsiz hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev yeraltı piyada keçidini gəzib.
Bildirilib ki, tikintisinə bu ilin mayında başlanılan keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, nasosxana tikilib.
Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

***

Prezident İlham Əliyev Xəzər rayonunda üç səviyyəli Mərdəkan yol qovşağının açılışında da iştirak edib. Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 14-cü kilometrliyində üç səviyyəli Mərdəkan qovşağında dörd aşırımlı körpünün uzunluğu 220 metr, eni 23, 5 metrdi. Dörd hərəkət zolağı olan körpünün svaylarının uzunluğu 13-16 metr, diametri 1200 millimetrdi. Körpünün ən böyük aşırımının uzunluğu 75 metr, nəzərə alınan seysmik davamlılığı 9 baldı. Prezident İlham Əliyevə qovşağın körpü trosunun texniki göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, 30 metr uzunluğu olan tros Fransa istehsalıdır. Dövlət  başçısının diqqətinə çatdırılıb ki, qovşağın tunel hissəsi 15 aya inşa edilib. Tunelin ümumi uzunluğu 400 metr, qapalı hissəsinin uzunluğu isə 55 metrdir. Müasir drenaj sistemi qurulan qovşağın yağış suları hovuzunun tutumu 530 kubmetrdi.

Prezident İlham Əliyev yol qovşağının rəmzi açılışını bildirən lenti kəsib. Qeyd edilib ki, qovşağın ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb. Qovşaq Heydər Əliyev Beynəlxalq Aeroportundan Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələri istiqamətində nəqliyyatın sərbəst hərəkətini təmin edəcək.

***

İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək. Prezident nəqliyyyatı intellektual idarəetmə zalına baxıb. Bildirilib  ki, burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündü. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi mərkəzdə aparılacaq. Prezident nəqliyyatı intellektual idarəetmə sistemində istifadə edilən avadanlıqla da tanış olub. Qeyd edilib ki, dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündü. 
Dövlət başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata da baxıb. Qeyd edilib ki, mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulub. Ölkə üzrə intellektual nəqliyyat sisteminin təşkili prosesi ilə tanış olan Prezident İlham Əliyevin  diqqətinə çatdırılıb ki, video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib. 
Mərkəzdə görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...