Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi və Norveçin SYSLAB şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Bakı Mərkəzinin açılışı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mərkəzin məqsədi il ərzində 120 nəfər iş axtaran şəxslərə təlim dəstəyi göstərmək, iş axtarma bacarıqlarını inkişaf etdirməklə dövlətin həyata keçirdiyi məşğulluq siyasətində innovasiyanın inkişafına töhvə vermək və iş axtaranları əmək bazarına inteqrasiya etməkdir. Layihədə iştirak etdikləri 4-6 ay ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olur. Layihə müddəti təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və bir neçə digər mərhələdən ibarətdir.
Açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, SYSLAB Norveç şirkətinin, yerli və xarici şirkətlərin və həmçinin KİV–nin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1992-ci ildə noyabr ayının 23-də Bergendə təsis edilən SYSLAB – İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası SYSLAB International As.-ın məhsuludur.
Modern.az