Bu gün Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə Naxçvan Muxtar Respublikasının Şərur Rayon sakinlərinin mətbuat konfransı keçirilib. Naxçıvanda insan hüquqlarının gündən-günə pisləşdiyini deyən mərkəzin rəhbəri Pərviz Həşimlinin sözlərinə görə, öz hüquqlarını tələb edən insanların başına müsibətlər gətirilir: «Bu gün mətbuatın qarşısına çıxan Şərur rayon Çərçiboğan kəndində yaşayan Nağıyevlər ailəsi də eyni durumdadır».
P.Həşimlinin sözlərinə görə, Bakı şəhərində işləmək üçün müvəqqəti yaşayan Nağıyevlər ailəsi kəndə gedərkən həyətyanı sahələrinin bir hissəsinin başqa adam tərəfindən çəpərləndiyini görüblər. Polisə müraciət etdikdə isə ağır faciə yaşayıblar.
P.Həşimli bildirib ki, Şərur polisində işgəncəyə məruz qalan bu ailənin üzvləri ilə bağlı DİN rəhbəri Ramil Usubovla görüşündə də məsələ qaldırıb: «Ramil Usubov da ailə üzvlərindən birini qəbul etdi. Bu qəbuldan sonra mülkiyyət hüquqlarına dair sənədləri və şəxsiyyət vəsiqələri Nağıyevlərin özlərinə qaytarılıb. Ancaq Naxçvana ayaq basa bilmirlər».
Daha sonra Tamara Nağıyeva başlarına gələn hadisəni danışıb.
Onun sözlərinə görə, torpaq sahələrinin başqa şəxsə verilməsi faktına görə məhkəməyə müraciət ediblər. Şərur Rayon Məhkəməsi onların iddiasını təmin etmədiyindən yuxarı instansiya məhkəməsinə müraciət ediblər:
«Vəkil tutduq. Naxçıvan Ali Məhkəməsi yerli məhkəmənin qərarını ləğv etdi. Sevindik ki, ədalət zəfər çaldı. Sonradan düşünməzdik ki, başımıza bu olya gələcək. Şərur polisi məhkəmə qərarını ləğv etdirməyin bədəlini bizə ödətdi. Belə ki, bizə edilən təzyiqlərlə bağlı Naxçıvan Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazir Əhməd Əhmədov bizi qəbul etdi və bildirdi ki, məhkəmə qətnaməsi əlinizdədir, gedin. Bizə hörmət edirmiş kimi maşın ayırdı ki, bizi rayona gətirsinlər. Həmin maşın isə bizi Şərur polisində gətirdi. Naxçıvan DİN-nin Baş Cinayət Axtarış İdarəsinin rəisi kimi təqdim edilən Qulu Rüstəmovun göstərişi ilə polis rəisi Məmməd Hüseynov məni təhqir etdi. Orada məni «padvala» saldılar. İki gün orada ac susuz qaldım. Məndən tələb edirdilər ki, notorius gəlsin yanıma mən ərizə verim ki, torpaq sahəmdən 200 kvadratmetr qonşuya pay verirəm. Mən bunu etməyəndə, bir qadını yanıma saldılar. Guya üzərimdə nəsə axtarırmış kimi məni soyundurdular. Bir neçə saat sonra isə yenidən məni döydülər. Sonradan eşitdim ki, bacımı da döyə-döyə gətiriblər. Onun səsini də duyurdum. Sonra mənimləbacımı görüşdürdülər. Bacım mənə dedi ki, məni zorlamaq istəyirlər, sonra da dəlixanaya göndərəcəklər. Gəl, bunlar deyəni et. Mən də razılaşdım. Gecə saat 2 radələrində Sədərək rayonunun Notariat Kontorunun rəisi Xəlil Hüseynovu gətirdilər. Öz yazdıqları ərizəni təsdiqlətdilər. Sonradan məni və bacımı sərbəst buraxdılar. Amma torpağımızı əlimizdən almaq üçün bu əsas deyildi. Başqa sənədləri də bunlara verməli idik. Polisdəki işgəncədən canımızı qurtardığımıza görə, ayrı-ayrı qohumların evində qaldıq. Çünki, işi tamamlaya bilməmişdilər. Kimin evinə gedirdimsə, həmin qohumumun gününü qara edirdilər».
Birtəhər canlarını götürüb, Bakıya qaçdıqlarını deyən T.Nağıyeva bildirib ki, Şərur polisi onun bütün ailə üzvlərini kənddən didərgin salıb: «Yoldaşım əlində məhkəmə qərarı ola-ola gedib, çəpərimizi yenidən öz yerində çəkmə bilməyib. Polis deyib ki, buranı biz satmışıq, ona görə də imkan verməyəcəyik».
Ailənin digər üzvü Ruzi Nağıyev isə ölkədə şikayəti etmədikləri qurum qalmadığını deyib: «Mən daxili işlər naziri Ramil Usubov qəbul etdi. Onun bizə köməyi bu oldu ki, sənədlərimizi qaytardılar».
Hüquq müdafiəçisi Pərviz Həşimli isə bildirdi ki, gecə saat 2 radələrində polisə gələn notariat kontorunun rəisi ilə bağlı Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa şikayət ediləcək.
Modern.az