Oktyabrın 4-də Şəmkir, Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilib. Mərasimlərdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Adıçəkilən 4 şəhərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, 2013-cü ilin əvvəlinə Şəmkir, Mingəçevir, Zərdab və Kürdəmir sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlər 2013-cü ilin əvvəlinə başa çatdırılacaq.
“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 45,7 min (mövcud 37,5 min) nəfər üçün hesablanıb. Şəmkir şəhərinin özüaxımlı fasiləsiz rejimdə su təchizatının aparılması üçün yeni tikilən Şəmkirçay su anbarından və yerli kəhrizlərdən istifadə olunması layihədə əsas hədəf kimi nəzərdə tutulub. Suyun özüaxımlı rejimdə verilməsi üçün relyefcə yüksək olan nöqtələrdə ümumi həcmi 7200 kubmetr olan 4 ədəd su anbarı inşa olunacaq. Şəhərdə ümumi uzunluğu 195 km müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 190 km kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Çirkab sular şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
“Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 120,5 min (mövcud 99 min nəfər) nəfər üçün hesablanıb. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədəd yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq. Layihə çərçivəsində şəhərin özüaxımlı rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində du anbarı, ümumi uzunluğu 250 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün ümumi uzunluğu 223 km-ə qədər kanalizasiya şəbəkəsi inşa olunacaq, 3 ədəd kanalizasiya nasos stansiyası tikiləcək. Yaranacaq çirkab sular toplanaraq tikiləcək məhsuldarlığı sutkada 25 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
“Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 13,5 (mövcud 11 min nəfər) nəfər üçün hesablanıb. Əhalini su ilə təmin etmək üçün Ağsu rayonunun Güllülü su mənbəyindən istifadə olunması nəzərdə tutulur. Suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 70 km-ə qədər magistral xəttin tikintisi planlaşdırılır. Bu mənbədən istifadə şəhərə özüaxımlı rejimdə suyun verilməsini, həmçinin paylanmasına imkan verəcək. Eyni zamanda magistral kəmər vasitəsilə yolboyu yerləşən bir sıra kəndlərin də təmiz su ilə təchizatına imkan verəcək. Layihə çərçivəsində 1 ədəd 2000 kubmetr həcmində su anbarının və ümumi uzunluğu 60 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Yaranacaq çirkab suların toplanaraq nəqli üçün ümumi uzunluğu 55 km-ə qədər kanalizasiya şəbəkəsi və 7 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 5 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
“Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 22,3 (mövcud 18,4 min nəfər) nəfər üçün hesablanıb. Əhalini su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Güllülü su mənbəyindən istifadə olunacaq. Bu məqsədlə sugötürücü drenaj qurğusunun inşası və suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 32 km-ə yaxın magistral xəttin tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 1 ədəd 7500 kubmetr həcmində su anbarının və ümumi uzunluğu 190 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Yaranacaq çirkab suların toplanaraq nəqli üçün ümumi uzunluğu 175 km-ə qədər kanalizasiya şəbəkəsi və 4 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır.
Çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 6 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
Modern.az