Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu oktyabrın 7-də Bakıya səfər edəcək Fransa prezidenti Nikola Sarkoziyə müraciət göndərib. Müraciətdə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmaması, xarici radiostansiyaların bağlanması, müstəqil telekanalların və radiostansiyaların olmaması, çap mediasının vəziyyəti, jurnalistlərə qarşı basqılar barədə məlumatlar verilir və Sarkozidən bu problemlərin həllinə yardımçı olması xahiş edilir.
RATİ-nin məlumatına görə, Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsi ərəfəsində hüquq müdafiə kampaniyasına başlayan təşkilatlar da Fransa prezidentinə müraciət göndərib. Müraciət müəllifləri Azərbaycanda siyasi məhbus, söz və ifadə azadlığı, mülkiyyət hüquqları, sərbəst toplaşmaq azadlığı və digər sahələr üzrə mövcud olan problemləri və onların həllinin zəruriliyini vurğulayıblar. Xüsusilə 2011-ci ilin əvvəllərindən etibarən müxalifətçilərə və gənc fəallara qarşı başlanmış repressiyalar Sarkozinin diqqətinə çatdırılıb və ondan prezident İlham Əliyevlə görüşü zamanı bu məsələlərin müzakirə edilməsi xahiş olunub. Müraciətdə göstərilən problemlərin “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində həll edilməli olduğu xüsusi vurğulanıb.
Avroviziya 2012 mahnı müsabiqəsi ilə əlaqədar yaradılan “Azad musiqi qeyri-azad ölkədə?” kampaniyasının təşəbbüskarları Siyasi Azadlıqların Müdafiə Alyansı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Sülh və Demokratiya İnstitutu və İnsan Hüquqları Klubudur. Kampaniyaya bu təşkilatlar da qoşulublar:
Hüquqi Maarifləndirmə İctimai Birliyi
Hüquq Maarifçiliyi Cəmiyyəti
Media Hüququ İnstitutu
Azad İqtisadiyyata Yardım İctimai Birliyi
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi
Hüquqi Təşəbbüslər Mərkəzi
NİDA Vətəndaş Hərəkatı
Azad Gənclik Təşkilatı
Demokratik Jurnalistika Məktəbi.
Modern.az