Rusiya Xarici İşlər Nazirliyi Britaniya tərəfindən ittiham olunan Rusiya vətəndaşları barədə rəy bildirib.
Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, nazirlik bu isim və şəkillərin onlara heç bir şey demədiyini qeyd edib.
“KİV-də yayımlanmış adlar və şəkillər bizə heç bir şey söyləmir” – nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, həmçinin Britaniya tərəfini rəsmi şəkildə onlara məlumat verməməkdə ittiham edərək, onları yenidən birgə işləməyə çağırış edib.
Qeyd edək ki, Böyük Britaniya hüquq-mühafizə orqanları rusiyalı keçmiş kəşfiyyat zabiti Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı şübhəlilərin adını açıqlayıb.
Həmin hadisə ilə əlaqədar olaraq iki Rusiya vətəndaşı Aleksandr Petrov və Ruslan Boşirov barəsində həbs əmri verilib.
Britaniya polisi həmin şəxslərin həbs olunması üçün kifayət qədər dəlillərin əldə olunduğunu bildirib.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti S.Skripal bu il martın əvvəllərində Londonda öz qızı ilə birlikdə zəhərlənib. S.Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.