Modern.az

Son 14 ildə Azərbaycana 236 milyard dollarlıq investisiya qoyulub

Son 14 ildə Azərbaycana 236 milyard dollarlıq investisiya qoyulub

Aktual

7 Sentyabr 2018, 11:48

2003-2017-ci ildə bütün mənbələrdən Azərbaycana 236 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.

Modern.azxəbər verir ki, bu barədə Baş nazirin birinci müavini Yaqub Eyyubov sentyabrın 7-də Bakıda işə başlayan “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

Yaqub Eyyubov bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Bu dövrdə ÜDM 3,6 dəfə artıb, özəl sektorun ÜDM-də xüsusi çəkisi 83,8 faizə çatıb. Qeyri-neft sektorunda son 15 ildə orta illik artım tempi 8,1 faiz olub.

“2003-2017-ci illərdə qeyri-neft sənayesində 2,6 dəfə, kənd təsərrüfatında 1,8 dəfə, tikintidə 4,9 dəfə, ticarətdə 4,5 dəfə, turizm sektorunda 20,2 dəfə, nəqliyyat sektorunda 3,1 dəfə və rabitə sektorunda 14,5 dəfə iqtisadi artım qeydə alınıb”, - deyə Baş nazirin birinci müavini qeyd edib.

Y.Eyyubovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı isə 5 dəfə artıb.

 “2003-cü ildə ÜDM-də özəl sektorun payı 74 faiz olubsa, 2018-ci ildə bu rəqəm 83 faizi ötüb. 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faiz iqtisadi artım qeydə alınıb. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz olduğu halda 2018-ci ildə bu göstərici 73 faizə çatıb”, - deyə Yaqub Eyyubov qeyd edib.

Baş nazirin müavini Ələt qəsəbəsində fəaliyyət göstərəcək Azad Ticarət Zonası barədə də danışıb. Deyib ki, Ələt Azad Ticarət Zonasının Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu 130 milyon nəfərlik bazara xidmət etməsi planlaşdırılır.

Baş nazirin birinci müavini bildirib ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu beynəlxalq nəqliyyat qovşağına çevirir.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!