Açıq Cəmiyyət İnstitutu Yardım Fondu 2011-ci il “Media and İctimai Vəsaitlərin Şəffaflığı” layihəsi çərçivəsində jurnalist müsabiqəsi elan edib. Fonddan Modern.az-a bildirilib ki, müsabiqədə iqtisadiyyat (ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik) sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adı çəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə bilərlər.
Araşdırmalar 2 mərhələli qiymətləndirmə sistemi ilə seçiləcək. İlk mərhələdə seçilmiş mövzular üzrə konsepsiya təqdim edilməli, və yalnız birinci mərhələdə uğurlu olan konsepsiya müəllifləri ikinci mərhələdə araşdırma yazısı hazırlamalıdırlar.
Araşdırma mövzularının seçimində təklif olunan məsələlərin sosial-iqtisadi aktuallığı, hazırkı dövr üçün ictimai əhəmiyyəti, həmçinin təklif olunan araşdırma istiqamətləri üzrə xərclənən ictimai vəsaitlərin həcmi kimi meyarlar əsas götürülür və aşağıdakı araşdırma istiqamətləri təklif olunur:
- «Ekologiya ili» layihəsinə hökumətin xərclədiyi vəsaitlərlə bağlı araşdırma.
- Ölkənin regionlarının içməli su təchizatı və kanalizasiya sisteminin qurulması layihələrinə dövlət büdcəsi və hökumət zəmanətilə alınan kreditlər hesabına sərf olunan vəsaitlərin araşdırılması.
- Kənd yollarının çəkilməsinə sərf olunan büdcə vəsaitləri ilə bağlı araşdırma;
- Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına sərf olunacaq xərclərlə bağlı araşdırma
- «Avroviziya» müsabiqəsinin təşkili ilə bağlı xərcləmələrə dair araşdırma.
- İctimai vəsaitlər hesabına əvvəlki illərdə inşa olunan sosial və infrastruktur təyinatlı obyektlərin (olimpiya-idman komplekslərinin, hava limanlarının, müalicə-diaqnostika mərkəzlərinin) fəaliyyətinin araşdırılması;
- Jurnalistlərin yuxarıda təqdim olunan meyarlara uyğun gələn ictimai vəsaitlərin istifadəsi ilə bağlı hər hansı sərbəst mövzu üzrə araşdırma;
Konsepsiyaları təqdim etmək üçün son tarix 20 oktyabr, 2011-ci ildir.
Konsepsiyalar [email protected] ünvanına “müsabiqə üçün” başlığı altında və ya H. Əliyev 117 A ünvanına göndərilməlidir.
Müsabiqə ilə bağlı istənilən məlumat üçün [email protected] ünvanına müraciət edə və ya 564 34 75 /dax. 326/ telefonu ilə əlaqə saxlaya bilərsiniz.
Modern.az