Modern.az

Sabiq deputat Baba Tağıyevə sonuncu xəbərdarlıq edildi

Sabiq deputat Baba Tağıyevə sonuncu xəbərdarlıq edildi

Qarabağ

6 Oktyabr 2011, 17:13

Oktyabrın 5-də Bakı şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Modern.az-ın xəbərinə görə, DAK İdarə Heyətinin 10 üzvü – Sabir Rüstəmxanlı (DAK həmsədri), Firidun Pərvizniya (DAK həmsədri), Əjdər Tağızadə (DAK Daimi Şurasının sədri), Abuzər Bağırov (DAK həmsədrlərinin MDB regionu üzrə müavini), Tahir Hacıyev (DAK-ın Rusiya nümayəndəliyinin rəhbəri), Möhlət Hüseynov (DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri), doktor Nurəddin Qərəvi, Məhəmməd Müştaq, Vaqif Arzumanlı və Adil Minbaşı və DAK Nəzarət-Təftiş Komissiyasının 4 üzvünün – Samir Əsədli (DAK NTK sədri), Babək Tağızadə (DAK NTK sədrinin müavini), Nadir Həsənov (DAK NTK katibi) və Xaliq Ələsgərovun iştirak etdiyi yığıncaqda təşkilati məsələlər və növbəti qurultaya hazırlıq işləri müzakirə edilib.
DAK NTK üzvü Samir Adıgözəlli Azərbaycan Respublikasında olmadığından iclasa telefon vasitəsilə qatılıb. Toplantıda bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, DAK-ın XII Qurultayının 2012-ci ilin yazında keçirilməsi nəzərdə tutulur. Bununla bağlı DAK İdarə Heyətinin tərkibində İşçi Qrupu yaradılıb. Eyni zamanda DAK-ın Şərqi Avropa üzrə daimi nümayəndəliyinin yaradılması qərara alınıb. Bundan əlavə, DAK-ın Nizamnaməsinə dəyişiklik edilməsi üçün komissiya yaradılıb. Komissiya və İşçi Qrupu müvafiq təkliflərini hazırlayıb DAK İdarə Heyətinə təqdim etməlidir. Eyni zamanda iclasda təşkilat daxilində pozuculuq işləri və təxribatçılıqla məşğul olan DAK İdarə Heyəti üzvlərinin məsələsi müzakirə olunub. DAK-ın Nizamnaməsini kobud surətdə pozduqlarına, konqresin İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası adından mətbuata yalan məlumatlar ötürdüklərinə görə təşkilatın İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Səftər Rəhimli və Hüseyn Vüsuqinin fəaliyyətləri qurultaya qədər dondurulub. Bundan başqa, DAK İdarə Heyətinin üzvü kimi səlahiyyətlərini yerinə yetirmədiklərinə görə Baba Tağıyev və Oktay Hüseynova sonuncu xəbərdarlıq edilib.

Dünya Azərbaycanlıları Konqresinin mətmuat xidmətindən Modern.az-a bildirilib ki, qurumun Nəzarət-Təftiş Komissiyasının da növbəti toplantısı keçirilib. DAK Nəzarət-Təftiş Komissiyasının 4 üzvünün – Samir Əsədli (DAK NTK sədri), Babək Tağızadə (DAK NTK sədrinin müavini), Nadir Həsənov (DAK NTK katibi) və Xaliq Ələsgərovun iştirak etdiyi yığıncaqda təşkilatdaxili məsələlər müzakirə edilib. Qeyd edək ki, DAK NTK üzvü Samir Adıgözəlli Azərbaycan Respublikasında olmadığından iclasa telefon vasitəsilə qatılıb. Toplantıda DAK İdarə Heyətinin verdiyi qərarlar (DAK İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Səftər Rəhimli və Hüseyn Vüsuqinin fəaliyyətlərinin qurultaya qədər dondurulması və DAK İdarə Heyətinin üzvü kimi səlahiyyətlərini yerinə yetirmədiklərinə görə Baba Tağıyev və Oktay Hüseynova sonuncu xəbərdarlığın edilməsi) tamamilə təşkilatın Nizamnaməsinə uyğun hesab olunub. Belə ki, DAK İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Səftər Rəhimli və Hüseyn Vüsuqinin ciddi nizamnamə pozuntularına yol verdikləri qeyd olunub  və fəaliyyətlərinin qurultaya qədər dondurulması tamamilə qanunauyğun sayılıb. Eyni zamanda DAK NTK üzvü Ramiz Haqverdiyevin qurumun Nəzarət-Təftiş Komissiyası adından yalan məlumat yaydığına, təşkilatın Nizamnaməsini kobud surətdə pozduğuna görə onun səsvermə səlahiyyətləri qurultaya qədər dondurulub.

DAK-ın sonuncu, yəni iyulun 7-8-də Almaniyanın Bonn şəhərində keçirilmiş XI Qurultayında qurumun Nəzarət-Təftiş Komissiyasına 7 nəfər üzv seçilib. Onlardan biri istefa verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal