Ermənistanda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi Türkiyənin əleyhinə çıxışlar edib.
O, xeyli qabağa gedərək “Əgər bu ilin sonuna qədər Türkiyə erməni soyqırımnın tanımasa, biz başqa addımlar atacağıq” deyib.
Fransa liderinin Cənubi Qafqaza sülhü bərqərər etmək istəyilə gəldiyi halda, onun bu çıxışı dünya səviyyəsində qalmaqal yaradıb.
Politoloq Qabil Hüseynli Sarkozinin bu açıqlamasını Modern.az saytına belə şərh edib: “Sarkozinin səfəri Cənubi Qafqaza sülh gətirmək niyəyi daşıyırdı, ancaq vermiş olduğu açıqlamalar tamam başqa məqamlardan xəbər verir.
Fransanın Türkiyəyə qarşı ənənəvi bir düşmənçiliyi var. Bu ölkədə qondarma soyqırımı haqqında qərar parlamentdən keçib. Sonra da bu qərara etiraz edənlərə cəza tədbirləri tətbiq edilir. Bu, dünyada misli görünməmiş, insan hüquq və azadlıqlarına qarşı çevrilmiş bir addımdır. Nikola Sarkozi Türkiyəni hədələyir. O, hakimiyyətə gələndən sonra soyqırımı tanımamaqla bağlı fikir bildirənlərə cəza verilməsi ilə əlaqadar qəbul edilmiş qanunun icrasını təxirə salmışdı. Belə çıxır ki, Sarkozi təxirə saldığı məsələni həyata keçirəcək. Bu da Fransanın demokratik imicinə və ümumiyyətlə, Fransanın bir dövlət kimi yeritdiyi siyasətə ciddi kölgə salacaq. Axı Nikola Sarkozi Cənubi Qafqaza Dağlıq Qarabağ məsələsinin nizama salınması üçün gəlib. Mən əminəm ki, Sarkozi İrəvana ayaq basandan erməni cəfakeşliyi ilə bağlı dəridən, qabıqdan çıxmağa başlayıb. Belə bir adamın sülh missyasını həyata keçirəcəyinə ciddi şübhələr yaranır. Nikola Sarkozi Cənubi Qafqaza başqa missiya ilə gəlmişdi, amma üçüncu bir dövlət haqqında danışır. Türkiyə haqqında məhsuliyyətsiz və heç bir əndazəyə sığmayan fikirlər söyləməsi onu göstərir ki, o, bir dövlət adamı kimi siyasi etik qaydalara kifayət qədər bələd deyil”.
Modern.az