Bu gün Müsavat Partiyasının qərargahında "Müsavat-100" yubileyinə həsr olunmuş Liberal Forum keçirilir. Modern.az "Yeni Müsavat"a istinadən bildirir ki, yubiley tədbirlərində çoxsaylı qonaqlar iştirak edir.
Müsavatın 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Türkiyədən, Polşadan, Ukraynadan, Almaniyadan, Gürcüstandan və digər Avropa ölkələrindən qonaqlar gəlib. Onlarla yanaşı, yubileydə Azərbaycan siyasi arenasının tanınmış simaları, millət vəkilləri (Sabir Rüstəmxanlı, Vahid Əhmədov) İctimai Palataya daxil olan və olmayan partiyaların liderləri (Əli Kərimli, Pənah Hüseyn, Qulamhüseyn Əlibəyli, Əhməd Oruc, Aqil Səmədbəyli, Sərdar Cəlaloğlu) və funksionerlər qatılıblar. Dəvətlilər sırasında vaxtilə Müsavat üzvü olan, sonradan müəyyən səbəblərdən partiyadan çıxan şəxslər də var".
Pariyanın iclas salonu gələn qonaqlar üçün darısqallıq edib, ona görə də Müsavat partiiyasının üzvləri öz yerlərini qonaqlara verərək dəhlizdə, həyətdə dayanıblar. Buna səbəb odur ki. partiyanın yubileyinin keçirilməsi üçün nəzərdə tutulmuş "Ambassador" oteli son günlərdə tazılaşmadan imtina edib.
Yubiley tədbirini giriş sözü ilə açan Müsavat başqanı İsa Qəmbər qonaqları salamlayıb, onlara təşəkkürünü bildirdikdən sonra nitq söyləmək üçün sözü qonaqlara verib.
Tədbir Fridrix Nauman Fondunun Cənubi Qafqaz ofisi tərəfindən təşkil edilib. Tədbirin açılış mərasimində Fridrix Nauman Fondunun Bakı nümayəndəliyinin təmsilçisi Ərəstun Oruclu, təşkilatın Mərkəzi, Cənubi, Şərqi, Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Rene Klaf, ELDR-ın vitse-prezidenti Dik Roşe çıxış ediblər.
Səhər saat 10-da baylayan forum saat 19.00-dək davam edəcək.