Sövet şairi Mayakovskinin uşaqlar üçün yazdığı “yaxşı nədir, pis nədir” şeirinin sonu “bütün sənət yaxşıdır, hansını istəsən seç” sözləri ilə bitir. Dəliqanlı Mayakovcki sovet ideoloji prinsiplərinin möhkəm tərəfdarı olmaqla həmçinin özünün peşəsini də müəyyən etmişdi: O şeir yazır, qonarar alır, ona verilən güzəştlərdən istifadə edirdi. Sözümü Mayakovskidən başlamağım sizi təəcübləndirməsin... Ortada onun sevə-sevə vəsf etdiyi peşə ilə bağlı “azərbaycansayğı” bir müəmma var. Mən keçmiş nümünəvi sovet pioneri kimi inanmışdım ki, dünyada doğurdan da pis peşə yoxdur. İstəyirsən çəkməçi ol, istəyirsən müəllim, ya da bankir... Əsas odur ki, sevdiyin işlə ilə məşğul olasan.
Mən də sevdiyim bir peşə ilə məşğulam. Qəzetçiyəm. Avropa təmrinləri ilə desək, jurnalist, media işçisiyəm. Bütün normal vətəndaşlar kimi həyatımın yaxşı keçməsi, balalarımın rahat böyüməsi üçün səhərdən axşama qədər əlləşir, işləyirəm. Fikrimcə, vətəni sevməyin ən bariz nümunəsi öz peşəni sevmək və ölkəyə xeyir verməkdir. Odur ki, vicdanlı olmaq, “düzü düz, əyrini əyri” prinsipinə daim sədaqətli olmağa çalışmışam. Ömrümün 16 ilini sərf etdiyim jurnalistika mənə problemlər də yaşadıb, uğurumun şahidi də olub. Söhbət bunda deyil.
Ötən həftəyə qədər mənsub olduğum jurnalist düşərgəsini həqiqətən ölkənin söz deyən, problem araşdıran, vətəndaş hüquqlarını qoruyan bir müstəvi olmasına inanır və jurnalistlərin sayəsində Azərbaycandakı problemlərin həll olunmasını idda edən redaktorların, QHT rəhbərlərinin təmtraqlı sözlərini sidq-ürəklə bölüşürdüm. Təkrar edirəm ki, ötən həftəyə qədər..
Başıma gələn əhvalatdan sonra ölkə mediasının zavallı durumu mənə nəinki aydın oldu, hətta bu peşəni seçməkdə ciddi yanıldığım barədə qənaətim cücərməyə başladı.. Bu isə indiyə qədər qorxduğum ən pis təcrübə idi. Uzatmadan mətləbə keçmək istəyirəm.
Ötən həftə bir sıra ciddi məişət problemlərimi (yığılıb qalmış ev kirayə borclarımı və digər məslələri) həll etmək üçün mənə müəyyən məbləğdə pul lazım oldu. Fikirləşdim ki, ora-bura qaçmaqdansa, ölkəmizin əziz və hörmətli banklarına müraciət edim. Axı onlar hər gün televiziyadan, radiodan “əziz vətəndaşlar, bizim banka gəlin, sizə sərfəli krediti yalnız biz veririk!” sloqanları ilə evimizə gəlirlər. Mən çox tərəddüd etmədən banklara müraciət etməyə qərar verdim. Sizə deyim ki, bu qərarı verənə qədər mən bankların saytlarını ələk –vələk edərək bir neçə bank üzərində fikrimi cəmləşdirmişdim.
Bu banklardan biri iki iş günü ərzində, o biriləri isə 20 dəqiqə ərzində kredit sövdələşməsini hazırlayacaqlarını vəd edirdilər. Dədəm Qorqudun təbirincə desəm, kaş banklara girməz olaydım.. Niyə? Ortaya çıxan mənzərə qarşısında məşhur “Sizif əməyi” belə heç nədir..
Əlqərəz, ilk olaraq “kreditim nağd olsun” reklam sloqanı ilə ağılları çaşdıran “Unibank”a üz tutdum. Bu bankın əvvəlcədən elan etdiyi şərtlər mənə əlverişli idi. Bakı qeydiyatı vacib deyil, minimal əmək haqqı, iş yerindən arayış. Vəssalam. Sənədləri kəmali-ədəblə toplayıb ertəsi gün bankın ofisinə daxil oldum.
Səliqəli bank şöbəsinin ciddi görkəmli işçisinin qarşısında oturub məqsədimi izhar etdim. Bank əməliiyatçısı son dərəcə mehribanlıqla “heç bir problem yoxdur, həll edərik” dedi və sənədlərimi istədi. İş yerim barədə arayışa baxanda bu ciddi görkəmli bank işçisinin bayaqkı mehribanlığından əsər-əlamət qalmadı.
“Siz jurnalistsiniz?” -deyə Şerlok Holmssayağı sual verən bankirə əvvəlcə nə cavab verəcəyimi bilmədim. Sualın tonundan özümü müdhiş cinayət işlətmiş cinayətkar və ya ürəkbulandırıcı bir işlə məşğul olan bir şəxs olaraq hiss etdim. Ani sükütdan sonra astadan “bəli, jurnalistləm. Necə bəyəm” –deyə soruşdum.
Gənc bank işçisi mənə diqqətlə baxıb başını buladı: “Sizə kredit verə bilmərik”.
“Niyə” sualıma bəşəriyyət tarxində yalnız hitlerçilərə və qanlı manyaklara veriləcək bir cavabı eşitdim.
“Bizdə jurnalistlərə kredit vermək QADAĞAN OLUNUB”.
Çaşıb qaldığımı görən bank işçisi mənim dübarə verdiyim “axı niyə” sualıma cavabı quru və konkret oldu: “Yuxarıdan belə tapşırılıb”.
Vəssalam... Yəni dur bas bayıra! “Unibank”ın təmtərqalı ofisinin qarçşısında bir qədər var-gəl edib düşündüm ki, gözəl vətənimdə vicdanlı banklar az deyil. Ora gedərəm. Üz tutdum....
Yox, gəlin sıra ilə getdiyim bankların adlarını yazım: “XalqBank”, “TuranBank”, “DəmirBank”, “Bank of Azerbaycan”, “Acsessbank”a....
Bu bankların kredit xidmətləri müştərilərə uzaqdan gəl-gəl deyir. Amma gəlib varid olanda sadəcə pulsuz uşaq şirniquşa baxan kimi qalırsan. Məsələn, “DəmirBank” yalnız dövlət təşkilatı və sabit maliyyə durumu olan özəl müəssəyə nağd pul krediti ayırır. Bu zaman 3-cü şəxsin zaminliyi vacibdir.
Banklar media işçisini görən kimi xortdan görürmüşlər kimi 100 metr aralı qaçırlar. Xülasə, gəlib “Aksessbank” adlanan və maliyyə kapitalı dünyanın beş böyük beynəlxalq bankı tərəfindən təşkil edilən bankın girişində dayandım. Özlüyümdə hesab edirdim ki, hər halda demokratik dünya insan haqlarında diqqətli olduğu kimi, onun maliyyə dəstəyi verdiyi bank da insan problemlərinə biganə qalmayacaq. Amma sən saydığını say, gör fələk nə sayır. Banka müraciət eynilə digərləri ilə oxşar oldu.
“Jurnalistlərə kredit vermirik!”. “Niyə” sualına bankın qarayanız və yekəpər işçisinin cavabı belə oldu ki, rəhbərlik işçilərə kredit verilə biləcək müəssələrin siyahısını təsdiq edərək göndərib. “Biz bu siyahı üzrə kredit veririk” –deyə yekə bir siyahını mənə verdi. Baxdım.
Bütün nazirliklər, komitələr, neft sektorunda, rabitə sahəsində işləyənlərə kredit almaq üçün “yaşıl” işıq yanırdı, bir bədbəxt media işçilərindən savayı.
Rəngimin dəyişdiyini hiss edən kredit əməliyyatçısı mənə ürəyi yanırmış kimi “bəlkə qohumlardan kimsə bu sahələrdə işləyir, gətir, nə qədər desən, kredit verərik” söylədi. Bu artıq əclaflığın pik həddi idi. İnsan özünü lazımsız bir zibil qalığı kimi hiss edəndə ondan yaradıcılıq və məhsuladar əmək gözləmək sadəcə axmaqlıq olar.
Məsələ isə həqiqətən ciddidir: Belə çıxır ki, bu ölkədə bəh-bəhlə “dördüncü hakimiyyət” adlandırılan, azad sözün carçısı və vətəndaşların son dayağı sayılan jurnalistlər adam yerinə qoyulmurlar. Mən bunu tox bankir stolları qarşısında rəngi getmiş cins gödəkçədə oturub yazıq-yazıq gözümü döyəndə bir daha hiss etdim. Əgər 16 illik jurnalist peşəm qotur bir “tozsoran” almağa imkan vermirsə, bunun səbəbləri barədə ciddi düşünməyə dəyər.
Medianı macəra müstəvisinə çevirən bəzi media işbazlarından fərqli olaraq, özünə və imzasına hörmət edən qələm sahiblərinə belə sayğısızlıq və davranma heç də xoş gələcək vəd etmir. Mən üzümü Mətbuat Şurasına, onun sədri Əflatun Amaşova, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərliyə və digər kürsü sahiblərinə tutub demək istəyirəm: bir tozsoran almağa hüququ olmayan, buna gücü çatmayan jurnalist necə obyektiv və cəsarətli ola bilər?
Bankların belə mövqeyi Azərbaycan Əmək Məcəlləsinin birbaşa pozulmasıdır. Buna münasibət bildirilməli, yollar aranmalıdır. Media sektorunun bu şəkildə diskreditə edilməsi yolverilməzdir, cənablar! Belə çıxır ki, vətəndaş hüquqlarının qorunması üçün çarpışan jurnalist qövmü “Don Kixot”a çevrilib? Əgər KİV işçiləri Konstitusiya və qanunların onlara verdiyi halal hüquqlarından istifadə edə bilmirsə, o zaman “özgələrinə necə umac ova biləcəklər?”