Oktyabrın 10-da Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib.
İclası təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov açaraq bildirib ki, ölkə Prezidentinin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən artıq 4 ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Nazir diqqətə çatdırıb ki, ötən dövrdə Təşkilat Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib, üzvlərin sayı 28 nəfərə çatdırılıb. Yeni üzvlərin adlarını açıqlayan nazir Təşkilat Komitəsinin balanslaşdırılmış bir qurum olduğunu söyləyib.
Sonra təhsil naziri 2008-2011-ci illərdə «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin nəticələri haqqında geniş təqdimat edib.
Nazir ilk öncə müsabiqənin keçirilməsini təmin edən hüquqi sənədlərdən söhbət açaraq bildirib ki, «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində bir sıra təşkilati tədbirlər həyata keçirilib. Misir Mərdanov deyib ki, qısa müddət ərzində «Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri», «Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları» hazırlanıb və dövlət başçısının 2008-ci il 25 fevral tarixli fərmanı ilə təsdiq olunub. Müsabiqələrin mütəşəkkil keçirilməsi və kollegial qərarların qəbul olunması məsələlərinə toxunan təhsil naziri qeyd edib ki, ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsinin tərkibi 2008-2009-cu tədris ilində 25 nəfər olduğu halda, 2010-cu ildə 26, 2011-ci ildə isə 28 nəfərə yüksəlib.
Misir Mərdanov müsabiqələrin mərhələləri haqqında məlumat verib və təqdim olunmuş sənədlərin təhlili, göstəricilərin qiymətləndirilməsi üzrə ekspert qruplarının fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, 3 mərhələdən ibarət olan müsabiqələrin iştirakçıları hər bir mərhələ üzrə 10 ballıq şkala üzrə qiymətləndirilir və qaliblər 3 mərhələ üzrə topladıqları balların yekununa görə müəyyən olunur.
Təhsil naziri «Ən yaxşı ümumtəhsil məktəbi» üzrə müsabiqəyə 2008-ci ildə 126, 2009-cu ildə 139, 2010-cu ildə 113 və 2011-ci ildə 145 olmaqla, cəmi 533 məktəbin sənəd təqdim etdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, müsabiqədə iştirak etmək istəyən məktəblərin sayı çox olduqca, seçim imkanı daha da artır.
Daha sonra Misir Mərdanov müsabiqələrin şərtlərində edilmiş dəyişikliklərin məzmunu ilə yığıncaq iştirakçılarını tanış edib.
İclasda müsabiqələrin şərtlərinə təklif edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb.
Modern.az