Ölkədə pensiya və müavinətlərin ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2012-ci il dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinə 1781,6 mln. manat vəsait proqnozlaşdırılıb. Bu da 2011-ci illə müqayisədə 169,8 mln. manat və ya 10,5 faiz çoxdur.
Modern.az saytı bu barədə 2012-ci ilin dövlət büdcəsi layihəsinə istinadən xəbər verir.
Ayrılan vəsaitin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 10,5 faizə çatacaqdır ki, bu da 2011-ci illə müqayisədə 0,4 faiz çox deməkdir.
2012-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 mln. manatı (2011-ci ilə nisbətən 158,3 mln. manat və ya 17,9 faiz çox) Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən sosial ödənişlərin maliyyələşdirilməsinə və 438,6 mln. Manatı (2011-ci ilə nisbətən 25,0 mln. manat və ya 6,0 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, habelə onların istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi məqsədilə 2012-ci ilin büdcə layihəsində 201 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2011-ci illə müqayisədə 4,7 mln. manat çoxdur.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davamı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ilk növbədə 2011-ci ildə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımının təmin edilməsi və carı ilin sonuna gözlənilən artımın tətbiqi üçün 2012-ci il dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulub.
Bu artımlar ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsinə, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımının davamlı maliyyələşməsinə imkan verəcək.
2012-ci il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 27,8 faiz və yaxud 2011-ci illə müqayisədə 0,9 faiz çox olacaq. Mütləq ifadədə sosialyönümlü xərclər üzrə 4 713,4 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2011-ci ilə nisbətən 417,3 mln. manat və ya 9,7 faiz çoxdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə 2011-ci ildə əməkhaqlarının bir hissəsinin, pensiyaların artımının maliyyə təminatı və əməkhaqlarının digər hissəsinin gözlənilən artımının tətbiqi, həmçinin 2012-ci ildə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə edilən ehtiyac meyarının həddinin artımı məqsədi ilə 2012-ci il dövlət büdcəsində təxminən 800 mln. manat vəsait nəzərdə tutulub.
Təsir dairəsinə uyğun olaraq bu artımlar ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsinə, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların (760,3 min nəfər), hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının artımının davamlı maliyyələşməsinə imkan verəcək.
Zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa (20,0 min nəfər), əlilliyə (99,3 min nəfər), ailə başçısını itirməyə (36,1 min nəfər), uşağın anadan olmasına görə (127,1 min nəfər), müharibə veteranlarına verilən müavinətlərin (58,1 min nəfər), məcburi köçkünlərə verilən yemək xərcinin (538 min nəfər), şəhid ailəsi (13,7 min ailə) və müharibə əlilləri (18,2 min nəfər) üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin (118,2 min nəfər), ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara (85,8 min nəfər) verilən təqaüdlərin artırılması ilə bağlı xərclərin stabil maliyyələşməsi təmin ediləcək.
Modern.az