Modern.az xəbər verir ki, 2012-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 250,2 mln. manat və ya 2011-ci illə müqayisədə 35,7 mln. manat və yaxud 16,6 faiz çox vəsait ayrılıb.
Həmin bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz təşkil edir ki, bu da 2011-ci illə müqayisədə 0,2 faiz çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 122,7 mln. manatı və ya 49,0 faizi mədəniyyət və incəsənət sahəsində
fəaliyyət xərclərinə, 58,2 mln. manatı və ya 23,3 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 69,3 mln. manatı və ya 27,7 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.
2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahə üzrə bir sıra dövlət proqramlarının və tədbirlərinin
maliyyələşdirilməsi nəzərdə tutulub, o cümlədən:
- “Azərbaycan teatrı 2009-2019-cu illər” Dövlət Proqramı”nın tətbiqi ilə bağlı 9,1 mln. manat,
- “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasına 6,5 mln. manat,
- mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 mln.manat,
- mədəniyyət obyektlərinin yenidənqurulmasına və əsaslı təmirinə 3 mln. manat,
- xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 4,7 mln. manat və digər tədbirlərə vəsait nəzərdə tutulub.
Beynəlxalq idman yarışlarında, o cümlədən London şəhərində keçiriləcək XXX Yay Olimpiya
Oyunlarında ölkəmizin yüksək səviyyədə təmsil olunması üçün hazırlıq işlərinin gücləndirilməsinə, idmançıların intensiv təlim-məşq toplantılarına cəlb olunmasına 5,9 mln. manat vəsait nəzərdə tutulub.
Modern.az