Azərbaycanda həkim səhlənkarlığına görə cəzaların sərtləşdirilməsi təklif edilir. APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin üzvü Qənirə Paşayeva Bakıda “İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edib: “Hazırda Azərbaycanda həkim səhlənkarlığı ilə ciddi şəkildə üzləşirik. Vətəndaşların bununla bağlı müraciətləri çoxdur. Bəzən isə elə hallar olur ki, həkimlərə heç cür bəraət qazandırmaq olmur”.
Q. Paşayeva deyib ki, səhiyyənin hüquqi və etik aspektləri Azərbaycanda yeni sahə olduğundan həm qanunvericilikdə, həm də adi həyatda bununla bağlı kifayət qədər boşluqlar var: “Parlamentin payız sessiyası çərçivəsində müzakirə olunacaq ən önəmli qanunlardan biri “Pasiyentin hüquqları haqqında” qanundur. Bu qanunun qəbulundan öncə ciddi ictimai müzakirəsinə ehtiyac var. Qanunun qəbulundan sonra onun tam gücü ilə işləməsi üçün bir sıra addımlar atmaq lazımdır. Ölkədə tibbi sığorta sistemi işləməsə, bu qanun vətəndaşların hüquqlarını tam qoruya bilməyəcək. Hazırda həkim səhlənkarlığına görə tətbiq edilən mexanizmlər effektli deyil. Mən nə qədər həkimin yol verdiyi pozuntulara görə cəzalandırılmasının statistikası ilə maraqlanmışam. Bu rəqəm çox cüzidir. Həkimlərin yol verdiyi nöqsanlara görə cərimə mexanizmləri daha da ciddiləşdirilməlidir.
Modern.az