Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, parlamentin sabiq deputatı Səyyad Aranın Milli Məclis Aparatında vəzifəyə təyin olunması barədə məlumat vermişdik.
S.Aran Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi təyin olunub.
Modern.az saytına məlum olub ki, Səyyad Aranı bu vəzifəyə təyin etməklə onu həm də işə salıblar. Məsələ burasındadır ki, S.Aranın parlamentdə yeni müdiri - Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri İdrak Qarayev vaxtilə parlament seçkilərində ona rəqib olub. İdrak müəllim də Səyyad Aranla əslən eyni rayondandır - İmişlidəndir. Vaxtilə seçkilərdə bir-birinə rəqib olmuş bu iki şəxs indi yenidən üz-üzə gəlməli olurlar.
2000-ci il seçkilərində Səyyad Aran qalib elan edilərək deputat mandatı qazanmışdı. Onun o zamankı rəqibi İdrak Qarayev isə seçkiləri uduzan tərəf sayılmışdı.
İndi iş elə gətirib ki, Səyyad Aran vaxtilə rəqibi olmuş İdrak Qarayevin tabeliyində çalışmalı olacaq. Əldə etdiyimiz məlumata görə, bu təyinat İdrak Qarayevə keçmiş rəqibindən əvəz çıxmaq üçün göydəndüşmə fürsət olub. Məlumata görə, işində məsuliyyətli olan İdrak müəllim artıq Səyyad Arandan da vəzifəsinin icrasında çox ciddi yanaşmağı tələb edib.
Modern.az