Maliyyə Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov Azərbaycanın 20 il ərzində qazandığı nailiyyətlər barədə geniş məlumat verib.
Ötən 20 il ərzində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaqla sosial-iqtisadi inkişaf sürətinə görə qabaqcıl ölkələr sırasına çıxdığını fərəh hissi ilə qeyd edən nazir bu nailiyyətlərin heç də asanlıqla əldə olunmadığını, ölkəmizin mürəkkəb və şərəfli yol keçdiyini qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatındakı keçid dövrü başa çatıb, ölkə iqtisadiyyatının potensial imkanları daha da yüksəlib, ölkədə dayanıqlı və sabit iqtisadi sistem formalaşıb, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib, Respublikamız digər ölkələrdə də iri həcmli investisiya layihələrinin həyata keçirilməsində fəal iştirak etməyə başlayıb.
Nazir qeyd edib ki, mütəqillik dövründə dövlətin funksiya və vəzifələrinin yerinə yetirilməsində xüsusi rolu olan büdcənin idarə olunması üçün beynəlxalq standartlara cavab verən qanunvericilik və normativ hüquqi baza yaradılıb, büdcə xərclərinin konkret tədbirlər əsasında proqnozlaşdırılmasına başlanılıb, dövlət büdcəsinin təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu dövrdə aparılmış büdcə-vergi siyasəti ölkənin orta və uzun müddət üçün prioritetlərini özündə birləşdirən siyasi və sosial-iqtisadi xəttinin həyata keçirilməsinə, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına güclü maliyyə təminatı yaradıb, dövlət və icmal büdcələri dövlətin əsas maliyyə mənbəyinə çevrilib. 1991-ci və 2011-ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi barədə müqayisə aparan nazir məlumat verib ki, həyata keçirilən sosial-iqtisadi kurs nəticəsində 2011-ci il dövlət büdcəsinin gəlirləri 1991-ci ilə nisbətən 74,5 min dəfə artaraq 15554,2 mln. manat, dövlət büdcəsinin xərcləri isə 82,9 min dəfə artaraq 15941,2 mln. manat təşkil edib. Sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə 1991-ci ilə nisbətən 41,5 min dəfə çox vəsait ayrılmaqla 2011-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 3901,2 mln. manat vəsait nəzərdə tutulub.
Ölkəmizin siyasi və iqtisadi həyatındakı bu müsbət dinamikanın bir çox beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapdığını deyən nazir S.Şərifov əlavə edib ki, 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının “Açıq Büdcə İndeksi” hesabatında da Azərbaycanın dövlət büdcəsi prosesinin şəffaflığı sahəsində həyata keçirdiyi islahatlar müsbət qiymətləndirilib.
Nazir S.Şərifov bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf xəttinin uğurla həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək, bundan sonra da əzmlə çalışacaq.
Tədbirdə çıxış edən Maliyyə Nazirliyinin məsul işçiləri 20 il ərzində ölkənin maliyyə sahəsində qazanılan uğurlardan bəhs edərək əldə olunan nailiyyətlərin Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi, sosial, mədəni sahələrdə və beynəlxalq münasibətlərdə daha böyük uğurlar qazanacağına əminlik yaratdığını ifadə ediblər.
Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşına medallar təqdim olunub.
Tədbirdə həmçinin, Maliyyə Nazirliyi sistemində uzun müddətli səmərəli fəaliyyətləri və peşəkarlıqlarına görə Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası maliyyə nazirinin Təşəkkürnaməsi” ilə təltif olunmuş Maliyyə Nazirliyinin 11 nəfər veteran əməkdaşı da təltif olunub.
Modern.az