Modern.az

Milli Ordunun bir əsgəri ölüb, biri yaralanıb

Milli Ordunun bir əsgəri ölüb, biri yaralanıb

Təhsil

13 Oktyabr 2011, 10:52


Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 12-də saat 18.20-dən 18.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.30-dək və 23.40-dan 23.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Cəbhənin Tərtər istiqamətində ermənilərin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Modern.az APA-ya istinadən bildirir ki, yaralanan əsgər Şükürlü Elnur Arif oğludur. Ağır yaralanan əsgər hərbi hospitala yerləşdirilib.
E. Şükürlünün 2011-ci ildə Bakının Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Orxan Səməd oğlu Səmədli bədbəxt hadisə nəticəsində ölüb. O, hərbi hissədə təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə ağır vəziyyətdə hospitala yerləşdirilən əsgər orada dünyasını dəyişib.  Faktla bağlı araşdırma aparılır.

Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 82 nəfər təşkil edib. Ötən müddətdə 84 nəfər yaralanıb (və ya xəsarət alıb).

Müvafiq dövrdə döyüş itkiləri 12 nəfər (11 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 70 nəfər təşkil edir. 9 nəfər naməlum səbəbdən, 11 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması və s.), 12 nəfər avtoqəzadan, 9 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 12 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 75-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.

Yaralılara gəldikdə isə 11 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 7 nəfər bədbəxt hadisələrdən, 20 nəfər erməni gülləsindən, 3 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 10-u Dövlət Sərhəd Xidmətinin, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 71-i isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...