“Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşularsa, bizim müstəqilliyimiz batıb gedər. Azərbaycan müstəqilliyini əldə etmək üçün çox keçməkeşli yolllar keçib”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Azərbaycan bu təşkilata o zaman qoşula bilər ki, ölkəmizin ərazi bütövlüyü tam həll olunsun.
“Nə zaman ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi tam həllini tapar, ondan sonra buna baxmaq olar. Düzdür, Rusiya ilə yaxşı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrimiz var. Hər iki ölkənin dövlət başçıları arasında da yaxşı münasibət mövcuddur, bu münasibətlər indi də davam edir. Ancaq, bu, o demək deyil ki, Azərbaycan hər hansı hərbi bloka daxil olmalıdır. Buna yol vermək olmaz”.
Qeyd edək ki, Azərbaycanın KTMT-yə qoşula biləcəyi təklifi ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib və onun təklifi deputat Qüdrət Həsənquliyev tərəfindən dəstəklənib.