Modern.az

Türk dövlətləri, yoxsa türkdilli ölkələr..? (TürkPA baş katibi və Atatürk Mərkəzi rəhbərinin cavabı)

Türk dövlətləri, yoxsa türkdilli ölkələr..? (TürkPA baş katibi və Atatürk Mərkəzi rəhbərinin cavabı)

Təhsil

14 Oktyabr 2011, 16:26

Türkdilli xalqlar, yoxsa türk xalqları? Türk dövlətləri, yoxsa türkdilli ölkələr?

Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda insanlar  mənşə etibarilə türk olsa da, bu ölkələr türk dövlətləri yox, türkdilli ölkələr adlandırılır. Hətta beynəlxalq qurumların da adında “türkdilli” sözündən istifadə olunub. Misal olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA)…

Bunun səbəbini və hansı ifadənin işlədilməsinin daha düzgün olduğunu öyrənmək üçün millət vəkili Nizami Cəfərovla və TürkPA-nın baş katibi Ramil Həsənovla əlaqə saxladıq. 

Türkdilli Ölkələrin  Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov  Modern.az saytına bildirdi ki, bu ölkələrin daxili məsələsidir.
“Ölkələrin necə adlanmasına ölkə daxilində qərar verilir”-deyə o, bildirdi.
R.Həsənov açıqlamasında dedi ki, bu ölkələrin soykökü baxımından türk olmasını heç kim inkar etmir. Və bu ölkələrin türkdilli ölkələr adlandırılmasında hər hansı problem yoxdur. “Müəyyən ölkələrin konstitusiyalarına zidd olmaması üçün ölkələrin belə - türkdilli ölkələr adlanmasına qərar veriblər. Bu mənim subyektiv fikrimdir”. 

Millət vəkili, Azərbaycanda Atatürk Mətkəzinin rəhbəri Nizami Cəfərov isə deyir ki, türk xalqları ifadəsinə bir qədər qısqanclıqla yanaşılır. Bu qısqanclıq ondan doğur ki, “türkdilli xalqlar” ifadəsini “türk xalqları” ifadəsinə qarşı qoyurlar. Yəni türkdilli xalqların hamısı türk xalqları olmaya bilər: ““Türkdilli xalqlar” və “türk xalqları”  kifayət qədər elmi əsası olan anlayışdır. “Türk xalqları” da elmi ifadədir. Gərək bu ifadə işlədilərkən qısqaclıq olmasın”.

N.Cəfərov eyni zamanda əlavə etdi ki, o, “türkdilli xalqlar” əvəzinə “türk xalqları” və ya “türk dövlətləri” işlədilməsinin tərəfdarıdır: “Bir var etnogenis- xalqların eyni mənşəli oması, biri də var qlottogenis- dillərin eyni mənşədən olması məsələsi. Çox vaxt bunlar üst-üstə düşür. Türkdilli xalqlar türk xalqlarıdır. Çox az sayda Qafqaz, İran mənşəli xalqlar türkləşiblər. Məsələn, bir var deyirik “rus xalqları”, bir də var deyirik “rus dilli xalqlar”. Eləcədə “slavyan dilli” və “slavyan xalqları” deyirik”.

N.Cəfərov qeyd etdi ki, bəzi türk etnosları var ki, rusdillidirlər. Xüsusilə Sibir, Ural, Volqaboyu ərazilərdə məskunlaşan türkdilli xalqlar öz dillərini unudublar. Amma onlar türk mənşəli olmalarını unutmurlar.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...