Modern.az

Xızı rayonu deyəndə ilk yada düşən nə olur..?

Xızı rayonu deyəndə ilk yada düşən nə olur..?

14 Oktyabr 2011, 16:48


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə də tanınırlar. 

Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Bu dəfə də tanınmışlardan Xızı rayonu deyəndə ilk yada nəyin düşdüyünü öyrənməyə çalışdıq.

“Bir qədər təzadlı rayondur”

Millət vəkili Nizami Cəfərov qeyd etdi ki, Xızı rayonunun adı ona ilk olaraq Mikayıl Müşfiqi xatırladır. Daha sonra isə gözəl təbiət, vaxtilə dağılmış kəndlər və bu gün bərpa olunan müasir tikililər də bu rayonu millət vəkilinə xatırladır.

Xızını təzadlı rayon adlandıran N.Cəfərov söylədi ki, vaxtilə həyat şəraitinin çətinliyi xızılıları məcbur edirdi ki, Bakıya köçsün. Amma indi bu rayonda canlanma müşahidə olunur. N.Cəfərov daha sonra əlavə etdi ki, Bakı Dövlət Universitetinin Xızıda yerləşən istirahət-təcrübə mərkəzi də ona Xızını xatırladır. “Hər il Bakı Dövlət Universitetinin sonuncu Elmi Şurası orda keçirilir. Bundan başqa, Xızı mənə dostum, Xızının icra başcısı Vaqif Abdullayevi və onun rayon üçün gördüyü işləri xatırladır”.

Bu rayonun insanlarını fərqləndirən hər hansı xüsusiyyətə gəlincə, N.Cəfərov bildirdi ki, bu rayondan cox sayda insan tanımır: “Ancaq bilirəm ki, bu rayondan çox sayda istedadlı insanlar çıxıb. Altıağacdan insanlar tanıyıram, onlar mehriban, zəhmətkeş insanlardır”.  

“İnsanları rayonlarına görə fərqləndirməyi sevmirəm”

“Yeni Musavat” qəzetinin əməkdaşı Zamin Hacı bildirdi ki, Xızı rayonu deyiləndə Mikayil Müşfiq və qırmızı dağlar yadına düşür. Bu rayonun insanlarını fərqləndirən xüsusiyyətin olub-olmamasına gəlincə, Zamin Hacı “insanları rayonlarına görə fərqləndirməyi sevmirəm”- söylədi.

“İnsanları təmizliyi, sadəliyi ilə seçilir”

Yazıçı Aydınxan Əbilov isə bildirdi ki, bu rayon ilk növbədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini ona xatırladır. “Xızı rayonu  Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz, Nəbi Xəzri, eləcə də xalq artistimiz, sevimli sənətkarımız Zeynəb Xanlarova, sonra isə "Xızının dağları" mahnısı və dostum-indi 2 ilə yaxın küsülü qaldığım fotoqraf Dilavər Ədalətoğlu ilə yadımda qalıb. Sözsüz, Altıağac kəndi, Xızıdan gələn kənd qatığı və yumurtasını da bura əlavə etmək olar, amma ən əsası və Azərbaycanın da böyük sərvəti sayılan insanlarımız, Xızıının gözəl xasiyyətli sakinləridir. Gənclik vaxtı ilk dəfə Xızının qırmızı dağlarını gözəl qadınlara oxşatmağımı da deyə bilərəm...”.

Bu rayonun sakinlərini fərqləndirən xüsusi bir cəhətə gəlincə, Aydınxan Əbilov bildirdi ki, bu rayonda yaşayan insanlar sadəliyi, təmizkarlığı, zəhmətkeşliyi ilə yanaşı, həm də Azərbaycan milli-mənəvi dəyərlərini yaşatmaları ilə fərqlənirlər: “Hətta bu ifrat dərəcədə olsa da, xoşdur. Əsrlərdən süzülüb gələn İslam adət-ənənələrini qorumaqları, böyük-kiçik yerini bilmələri, Vətəni dəlicəsinə sevmələri, abır-həya gözləmələri, namus-qeyrət məsələsində mühafizəkarlıqlarını da xoşlayıram. Fəqət necə deyərlər, hər şeyin əndazəsi gözəldir...”.

“Mənə İsmayıllını xatırladır...”

“Təbiətinin  bənzərliliyinə görə, Xızı rayonu mənə doğulduğum rayon İsmayıllını xatırladır”. Bu sözləri Müsavat Partiyasının mətbuat xidətnin rəhbəri Mehman Cavadoğlu dedi. Onun sözlərinə görə, bu rayon daha çox təbiəti ilə yadda qalır.

Xızılıları digər rayonların insanlarından fərqləndirən xüsusiyyətlərə gəlincə, M.Cavadoğlu dedi ki,  rayonların əksəriyyətinin insanları xarakter baxımından oxşardır: “İnanmıram ki, hansısa rayonun insanları kəskin şəkildə digərlərindən fərqlənsin, sadəcə, ləhcə fərqi ola bilər, insanların xarakterləri isə eynidir”. 

Sədaqət SÜLEYMANOVA

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?