Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə komitə sədri Hidayət Orucov Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb.
Azərbaycanda son illər aparılan quruculuq işlərindən danışan Hidayət Orucov bildirib ki, ölkəmizdə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf var. O, qeyd edib ki, artıq cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizə, etiqadımıza, dinimizə münasibət, əvvəlki illərlə müqayisədə, müsbət mənada xeyli dəyişib:
“Siz istər Bakıda, istərsə də regionlarımıza səfərləriniz zamanı bunların şahidi olacaqsınız. Son illər ölkəmizin bütün regionlarında yeni ibadət ocaqları inşa edilmiş, qədim dini abidələr təmir və bərpa olunmuşdur. Vətəndaşlarımızın dini etiqad azadlığı yüksək səviyyədə qorunur”.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməz Azərbaycanda gedən inkişafı yaxından izlədiyini və qardaş ölkənin uğurlarından qürur duyduğunu, burada şahid olduğu gözəlliklərdən Türkiyəyə qayıtdıqdan sonra fəxrlə danışacağını dilə gətirib. O, bildirib ki, səfərin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü günlərinə təsadüf etməsi onun üçün xüsusilə əlamətdardır:
“Müstəqilliyin kökündə dayanan milli-mənəvi dəyərlər nə qədər möhkəm olarsa, müstəqillik bir o qədər sarsılmaz olar. Tarix bunu dəfələrlə sübut etmişdir ki. Buna görə də milli-mənəvi dəyərlər, dini inanc sistemi millətləri ən böyük təhlükələrdən qoruyan amillər kimi qiymətləndirilməli və daim qorunmalıdır”.
Diyanət İşləri başqanı onu da vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasındakı dost və qardaş münasibətlərin kökündə məhz mədəniyyətlərimizin, dünyagörüşlərimizin, bir sözlə, milli-mənəvi dəyərlərimizin eyniliyi durur. Müasir dövrdə dövlətlərin yaxın münasibətləri, əsasən, maddi mənfəətlər üzərində qurulur - mənfəət yoxdursa, bir anda dostdan düşmənə çevrilə bilərlər. Ancaq münasibətlərin təməlində milli-mənəvi bağlar, ortaq mədəniyyət, ortaq inanc sistemi olarsa, maddiyyat arxa plana keçər və bütün əlaqələr məhz bu ülvi dəyərlər üzərində qurular.
Türkiyənin bütün sahələrdə uğurlarına sevindiyini dilə gətirən Hidayət Orucov deyib ki, qardaş ölkədə siyasətçilər arasında milli məsələlərdə kəskin fikir ayrılıqlarının olması da Azərbaycanı narahat edir: “Milli məsələlərdə fikir ayrılığının olması sonda Türkiyənin zəifləməsinə səbəb ola bilər. Belə halları müşahidə edəndə istər-istəməz narahat oluruq. Onda görün, PKK-nın fəaliyyətindən necə narahatıq”.
Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı arasında işgüzar münasibətlərin daha da genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb.
Modern.az