“Vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Dağlıq Qarabağla bağlı mövqe düzgün müəyyən edilib və həyata keçirilir”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin iclasında deyib.
O qeyd edib ki, vaxtilə Heydər Əliyev bütün Azərbaycan xalqına, bütün siyasi qüvvələrə müraciət etdi ki, parlamentdə Dağlıq Qarabağla bağlı təklif olunan 3 layihə var, onları müzakirə edirik.
“Bəziləri gəlmədilər, burda öz mövqelərin bildirmədilər, amma bu gün onların ayrı-ayrı yerlərdən səsləri gəlir. Nə üçün o zaman gəlmədilər, amma indi nələrsə danışırlar?”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev vaxtilə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəndə bu siyasəti çox açıq, aydın, israrla davam etdirirdi:
“2005-ci ildə yürüdülən bu siyasətin nəticəsində Avropa Şurasında çox ciddi qətnamə qəbul edildi, qeyd edildi ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib. Bu gün Dağlıq Qarabağ bir qrup separatçının əlindədir, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilib. Budur Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət. amma gəlin görək başqaları ortaya nə qoyacaqlar? Heç olmasa bir parça kağız gətirsinlər ki, hansısa bir qeyri-hökumət təşkilatı ilə beynəlxalq aləmdə müzakirə ediblər, Azərbaycan xalqının haqq səsini orada ifadə ediblər və dəstək alıblar”.
Deputat bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək.
“Azərbaycan öz torpqalrını sülh yolu ilə azad etmək istəyir, ancaq bu olmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.