Modern.az

Jalə Əliyeva: "O, öz seçimində, öz niyyətlərində həmişə haqlı idi"

Jalə Əliyeva: "O, öz seçimində, öz niyyətlərində həmişə haqlı idi"

18 Oktyabr 2011, 16:44

Milli Məclisin oktyabrın 18-də keçirilən xüsusi iclasında deputat Jalə Əliyeva çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin qazanılması yollarından danışıb. Modern.az deputatın çıxışəını olduğu kimi təqdim edir:

- Bəlkə də mənim söyləyəcəklərim bu gün səslənən əsas fikirlərin təkrarı olacaq. Əslində düşünürəm ki, bu özü də təbiidir. Çünki söhbət ölkənin tarixindən, müstəqilliyindən və gələcəyindən gedirsə burada başqa bir fikir, fərqli bir mövqeyə yer yoxdur.

Azərbaycan, özünün mövcudluğu tarixindən bəri ilk dəfədir müstəqilliyini iyirmi ildən bəri qoruyub saxlayır. Tarix boyu Azərbaycan bir çox dəfə müstəqil olmuş, öz dövlətini qurmuş, lakin heç bir zaman nə müstəqilliyini, nə də dövlətçiliyini qoruya bilməmişdir. Eyni zamanda ötən əsrin əvvəllərində də qazanılan müstəqillik, qurulan demokratik respublikanın ömrü cəmi 23 ay olmuşdur. Lakin Azərbaycan xalqı ümidini itirməyərək, müstəqil olmaq arzusunu yaşadaraq ötən əsrin sonlarında yetişən tarixi şərait nəticəsində bir daha öz müstəqilliyini elan etdi.

Müstəqilliyin ilk illəri çox qanlı, keşməkeşli oldu. Azərbaycan ard-arda böyük fəlakətlərlə qarşılaşdı, dünya xəritəsindən silinmək təhlükəsiylə üzləşdi, xəzinəsi boşaldı, vətəndaşları öz vətənlərində yaşaya bilmək, ayaqda qalmaq üçün böyük məhrumiyyətlərlə qarşılaşdılar.

Lakin Azərbaycan və Azərbaycan xalqı bütün bu çətinliklərə qalib gəldi. Çünki xalq o çətin günlərdə öz müdrikliyinə sadiq qalaraq o günlərdə onlara hava və su qədər lazım olan böyük Heydər Əliyevi Bakıya dəvət etdi, hakimiyyətə gətirdi. Heydər Əliyev isə yoxdan var yaratdı. Ölkəsinin adını dünya ölkələri sırasına çıxara bildi.

Mən bir an onun hakimiyyətə gəlişinin ilk dövrünü xatırlayıram. Yadımdadır ki, o tez-tez xarici ölkələrə, həm də dünyanın ən nüfuzlu ölkələrinə çox saylı səfərlər edirdi. Bu səfərlər bəzilərini təəccübləndirirdi. Ölkədə həllini gözləyən çox sayda işlər var ikən niyə məhz xarici siyasətə bu qədər böyük əhəmiyyət verir, deyənlər də var idi. Ancaq bunu deyənlər bir şeyi unudurdular ki, ulu öndər bütün həyatı boyu atdığı hər addımda hər zaman haqlı olub və yalnız öz dövrünü deyil, illərdən sonranı ancaq fenomen insanlara məxsus olan bir dəqiqliklə görüb və xalqının, ölkəsinin gələcəyi üçün hələ sovetlər dönəmində böyük fədakarlıqlara imza atıb.

O, öz seçimində, öz niyyətlərində həmişə haqlı idi. O, ölkə prezidenti, hər bir azərbaycanlıya yaxşı prezident olmağı bacaran cənab İlham Əliyev haqqında “mən ona özüm qədər inanıram və inanıram ki, o mənim yarımçıq qalan işlərimi davam etdirəcəkdir” deyəndə də yanılmadı, hər birimizə doğru olan yolu göstərdi.

Əgər Azərbaycan bu gün təkcə reqionda deyil, mən cəsarətlə demək istəyirəm ki, hətta dünyanın bir çox ölkələri içərisində lider dövlətə çevrilirsə, Azərbaycan böyük bir söz və nüfuz sahibidirsə, ölkədə gedən nəhəng quruculuq işləri sadəcə özümüzü deyil, gələn hər bir qonağı təəcübləndirirsə, insanlarımız hər keçən gün daha firavan bir həyata qovuşurlarsa  bütün bunlar xalqın ulu öndər tərəfindən göstərilən yolla ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə irəliləməsi sayəsində baş tutur.

Ulu Öndər deyirdi ki, mən fəxr edirəm ki, azərbaycanlıyam. Bu gün hər birimiz  azərbaycanlı olmağımızla fəxr edirik.

Bəli bundan iyirmi il əvvəl bölgədə böyük bir türk varlığı yenidən ortaya çıxdı. Sözümün əvvəlində də dediyim kimi, öz tarixi boyu ilk dəfədir belə uzun müddət müstəqil bir dövlət kimi mövcudluğunu qoruyub saxladı. Bu müstəqilliyi nəinki qoruyub saxladı, həm də  qüdrətli, güclü bir ölkəyə çevrilə bildi. Biz bunun üçün birinci növbədə millətin atası, ulu öndərə, onu ideyalarına və əlbəttə ki,  ölkə prezidenti cənab  Heydər Əliyevə, onun ölkəsi və xalqı üçün gördüyü ölçüyə gəlməz işlərə, əvəzsiz xidmətlərə borcluyuq.

Bir dəfə yüksələn bayrağın bir daha enməyəcəyinə əmin olduğumuz kimi, Heydər Əliyev siyası məktəbinin də Azərbaycanda hər zaman var olacağına əminliyimiz tamdır.

Ancaq bu siyasi məktəb sayəsində Azərbaycanın müsətqilliyi əbədi, dönməz və sarsılmaz olacaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...