Modern.az

Qüdrət Həsənquliyev Milli Məclisdə Heydər Əliyevin istiqlalçılara məktubunu oxuyub

Qüdrət Həsənquliyev Milli Məclisdə Heydər Əliyevin istiqlalçılara məktubunu oxuyub

18 Oktyabr 2011, 18:44

Milli Məclisin Müstəqillik Gününə həsr olunmuş iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deputat həmkarlarını, jurnalistləri, ümumilikdə Azərbaycan xalqını bu gün münasibətilə təbrik etdi:

"Bu möhtəşəm bayram günündə Azərbaycan Milli Azadlıq Hərəkatında xidmətləri olmuş şəxslərə dərin ehtiramımızı bildirməliyik. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi məmnunluqla xatırlamalıyıq. Bu gün burada mərhum prezident Heydər Əliyev haqqında xoş sözlər deyildi. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıldı. Mən onların hamısına qoşuluram, amma təəssüf edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri Heydər Əliyevin SSRİ-nin dağılmasında oynadığı rol barədə danışmadılar. Hamı dedi ki, SSRİ dağıldı və biz müstəqillik əldə etdik. SSRİ dağıdan Azərbaycanda və digər respublikalardakı milli azadlıq hərəkatları idi. SSRİ dağıdan mərhum prezident, o vaxtki Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü Heydər Əliyev idi. 90-cı ildə Azərbaycan xalqına qarşı böyük qətliam törədiləndə Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi. O dövr üçün bu qeyri-adi hal idi ki, Siyasi Büronun üzvü olmuş şəxs mətbuat konfransı keçirir. Heydər Əliyev o zaman xalq hərəkatını ittiham etmirdi, Sovet İttifaqının rəhbəriliyini ittiham edirdi və deyirdi ki, bir xalqa qarşı Sovet İttifaqı rəhbərliyi cinayət törədib. Bundan sonra daxildə proseslər daha geniş vüsət almağa başladı, SSRİ-nin dağılması daha sürətləndi. Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvülüyündən istefa verəndən sonra artıq Kommunist Partiyasının prespektivinə heç bir inam qalmamışdı və bu, hər yerdə Kommunist Partiyasının iflasına böyük təkan verdi. Siyasi konyuktura naminə Heydər Əliyevin o vaxtki xidmətlərinin üzərindən sükutla keçmək mümkün deyil.

Heydər Əliyevin Naxçıvanda gördüyü işlərə də diqqət yetirmək lazımdır. Üç rəngli bayrağımızla bağlı Ali Məclisdə qərar qəbul olundu, amma Naxçıvanda Xalq Hərəkatının üzvlərinin dəstəyi ilə Heydər Əliyev Ali Məclisə sədr seçildi. Həmin mitinqə keçmiş müsavatçı Sülhəddin Əkbər rəhbərlik edirdi. O bayrağı ora gətirən də mənim indiki müavinim Telman Siyabov idi. O vaxtları Demblokun və Naxçıvan Ali Məclisinin üzvüydü. Ümumiyyətlə Heydər Əliyev hər zaman öz hərəkətləri və fəaliyyəti ilə xalq hərəkatına böyük təkan verib".

Qüdrət Həsənquliyev Heydər Əliyevin 19 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinə ünvanladığı təbrik məktubunu oxudu: "Bu məktub o zaman siyasi konyuktura üzündən oxunmamışdı. Hesab edirəm ki, o  məktubu 20 ildən sonra burada oxusam, çox ədalətli iş görmüş olaram".

Məktubun mətnini təqdim edirik:

"Bakı, Azərbaycan Ali Sovetinin sessiyasına. Haxçıvan Muxtar Respublikasının əhalisi Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu böyük tarixi hadisə kimi qiymətləndirir. Haxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son 3 ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb. Bu yolda qurbanlar verib, 18 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını bütün Azərbaycanın demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanması haqqında keçirilmiş referendumda Haxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublikanın demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizə ilə əlaqədardır. Biz bu gün xoşbəxtik ki, nəhayət Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər.

Heydər Əliyev".

Qüdrət Həsənquliyev dedi ki, bu məktub Milli Azadlıq Hərəkatına və 18 oktyabr hadisəsinə verilən ən böyük qiymətdir:"Bu məktub onu göstərir ki, bəli, Azərbaycanda Milli Azadlıq Hərəkatı olub və bu hərəkat Azərbaycanın demokratik qüvvələrinin qələbəsi ilə başa çatıb. Əgər Azərbaycanda Milli Azadlıq Hərəkatı olmasaydı, Azərbaycan bu gün Türkmənistan idi, Özbəkistan idi".


Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...