“Göyçay İnkişaf Mərkəzi” narın Azərbaycanda qədim ənənələrinin olduğunu və bəşəri bir sərvət olduğunu təbliğ etməyi qarşısına məqsəd qoyub.
“Hər il Avropanın müxtəlif ölkələrində müxtəlif meyvə və tərvəz festivalları qeyd olunur. Lakin Nar meyvəsi qədər dəyərli bir meyvənin yerli səviyyədə qeyd olunması, adət-ənənələrimizin zəngin olduğu halda müasir informasiya dünyasında az təbliğ olunması təşkilatımız tərəfindən birmənalı qarşılanmır. Nar meyvəsindən erməni gəncləri, millətçiləri təbliğat kimi istifadə edərək ölkələrini tanıdır və mədəniyyətlərində ən qədim bir meyvə olduğunu bildirirlər”-deyə “Göyçay İnkişaf Mərkəzi”ndən Modern.az-a bildirilib.
“Göyçay İnkişaf Mərkəzi” yüksək səviyyədə təbliğat aparıb 2011-ci il Nar Festivalının Ümumrespublika səviyyəsində yayımlanıb daha çox maraq və məsuliyyət yaratmaq üçün “Göyçay elim, Nar sərvətim” Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirməyi qarşısına məqsəd qoyub.
“Göyçay İnkişaf Mərkəzi” müsabiqəni “Aznar” şirkətinin dəstəyi, “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcək.
Müsabiqənin əsas məqsədi nar haqqında ən yaxşı rəsm əsəri, nar haqqında ən yaxşı şeir, nar haqqında ən yaxşı blog yazısı, nar haqqında ən yaxşı reportaj (foto – video) və Göyçay narının və festivalının təbliğatı haqqında ən yaxşı layihə ideyası hazırlayan bütün ölkə ərazindən 3 nəfər şəxsi seçməklə festivalı daha çox tanıtmaqdır. Qalib gələn şəxslər Nar bayramı günü Göyçaya dəvət olunaraq, bayramda iştirakı təşkil ediləcək və mükafatlandırılacaq. Qeyd olunan müsabiqə bilavasitə yaradıcı gənclərin üzə çıxarılması və onlarda yaradıcılıq potensialının inkişafı istiqamətində müsbət addımlar atmaq üçün də bir şans olacaq. İdeyaların qiymətləndirilməsini təşkilatımızın nümayəndələrindən ibarət olan xüsusi nümayəndələr heyəti aparacaq.
Müsabiqə 3 mərhələdən ibarət olacaq.
1. İdeyaların elektron və ya poçt ünvanı ilə qeyd olunmuş ünvana son tarixə kimi göndərilməsi
2. Seçilmiş ideya təkliflərin seçim heyyəti tərəfindən qiymətləndirilməsi
3. Həyata keçirilmiş ideyaların seçim heyəti tərəfindən Nar festivalı günü mükafatlandırılması
Müsabiqədə qalib gələn şəxslər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
İdeya təklifləri 3 noyabr 2011, saat 17:00-dək qəbul olunacaq.
Mükafatlandırma mərasimi 5 noyabr Nar festivalı günü təşkil olunacaq.
Məlumat üçün bildirmək istərdik ki, “Göyçay İnkişaf Mərkəzi” ötən il təşkil olunan Nar festivalında “Bir dünya, Min millət” layihəsini icra edərək, Rusiya Federasiyası, Gürcüstan, Rumıniya, Ukrayna, Türkiyə, Amerikadan olan Sülh korpusu könüllüləri ilə 7 gənclər təşkilatının və 50 nəfər gəncin iştirakıyla festivalı beynəlxalq səviyyəyəcən tanıdıb.
Modern.az