Milli Məclisin deputatı Qənirə Paşayeva oktyabrın 19-dan 24-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaq.
Modern.az-a Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, deputat AŞ PA-nın xətti ilə müşahidəçi qismində oktyabrın 23-də keçiriləcək Bolqarıstan Prezidenti seçkilərinin gedişini izləyəcək.
Səfər çərçivəsində ATƏT-in Bolqarıstandakı müşahidə missiyasının, həmçinin bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə, Bolqarıstan MSK-nın sədri və Ali İnzibati Məhkəməsinin Baş katibi ilə görüşlər keçiriləcək. Azərbaycan parlamentinin təmsilçisi prezidentliyə namizədlər və onların nümayəndələri, media mənsubları, QHT təmsilçiləri ilə də görüşəcək, seçkilərə hazırlıqla bağlı fikir mübadiləsi aparacaq.
Seçki günü deputat demokratik seçki qaydalarına riayət edilməsinə, ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.
Modern.az