Modern.az

18 oktyabr xəyalqırıqlığı: türk zehniyyətlilərlə rus zehniyyətlilərin mübarizəsi

18 oktyabr xəyalqırıqlığı: türk zehniyyətlilərlə rus zehniyyətlilərin mübarizəsi

19 Oktyabr 2011, 14:45

Düzünü deyim ki, cəmi 3 gün ərzində bu məsələyə yenidən qayıdacağımı düşünmürdüm. Düzdür, müstəqillik, azadlıq, istiqlal əbədi mövzulardandır, bu haqda nə qədər yazılsa da, bitib-tükənməz. Amma məni bu mövzuya belə bir qısa zaman kəsiyində yenidən qayıtmağa vadar edən 18 oktyabr- Dövlət Müstəqilliyi Günü ilə bağlı dünən Milli Məclisdə təşkil edilən xüsusi iclas oldu.

Qeyd edim ki, hər bir Azərbaycan türkü, Azərbaycan sevdalısı üçün çox əziz olan bu gündə hamı bayram münasibəti ilə Milli Məclisin qabağında və foyesində bir-birini təbrik edir, xoş arzularını ifadə edirdi. Amma onu da deyim ki, burada bir o qədər də əsl bayram-ruhiyyəsi hiss olunmurdu, sanki bir sönüklük varıydı. Bununla belə, Milli Məclisin bayram iclası başlayar-başlamaz, çıxışlar vüsət alar-almaz olan-qalan bayram əhval-ruhiyyəsi də bir anın içində tamam yox olub getdi. Yenə də köhnə hamam, köhnə tas. Yenə də hər şey əvvəlkilərin, keçmişdəkilərin inkarı, ittahamı üzərində qurulmuşdu. Bəzi millət vəkillərinin-Vahid Əhmədovun,Qənirə Paşayevanın, İqbal Ağazadənin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, Rəbiyyət Aslanovanın və başqa 1-2 deputatın çıxışlarını çıxmaq şərti ilə, digərlərinin nitqləri sanki  istiqlal mübarizlərinə , istiqlal mücadiləmizə, SSRİ-nin qorunub saxlanması haqda referendumun Azərbaycan ərazisində keçirilməsi əleyhinə səs vermiş məlum “43-lər”-in, bir sözlə, milli-azadlıq hərəkatımızın tənqidi, ittihamı üzərində köklənmişdi. Elə bil ki, məlum “43-lər” referendumun əleyhinə getməklə səhv, günah bir iş tutublarmış , elə bil ki, Azərbaycanda ötən əsrin aprel işğalından bu yana gizli-aşkar istiqlal mücadiləsi aparılmayıbmış, bu yolda insanlar həyatlarını qurban verməyiblərmiş, şəhidlərimizin qanı axıdılmayıbmış, elə bil ki, bir anın icərisində Yer yarılıb, ifadəmə görə üzr isrəyirəm, müstəqil Azərbaycan dövləti “pırt” edib Yerin yeddi qatından çıxıbmış və qardaşlarımız demişkən, müstəqillik  “altun tabaqda” Azərbaycan türklərinin qarşısına qoyulubmuş... Sanki heç kimin yadına həmin referendumun keçirilməsinin  lehinə səs vermiş insanları- onların içərisindən  hələ də parlament üzvü olanları  qınamaq düşmürdü. Deyən yox idi ki, məhz xalqımızın, dövlətimizin, elə  onların özlərinin  daha azad və firavan yaşaması üçün o zaman  bu mücadilə aparılırmış , referendumun keçirilməsinin əleyhinə çıxılırmış və sair. Ancaq ittiham obyekti o dərəcədə  başqa ünvanlara tuşlanmışdı kı, bunları soran yoxuydu . Əvəzində, istiqlalçılar,  “43-lər” ittiham obyektinə çevrilmişdi.

Vallah-billah ayıbdır, günahdır! Buna görə şəhidlərimizin nigaran ruhu bizləri bağışlamaz, istiqlal mücahidlərimizin- dahi Məhəmməd Əminin, Üzeyir bəy Hacıbəylinin, Əhməd Cavadın,Cəfər Cabbarlının, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, İsmayıl Şıxlının, Xudu Məmmədovun, Ziya Bünyadovun, Aydın Məmmədovun, Əbülfəz Elçibəyin, İmam Mustafayevin, Şıxəli Qurbanovun və digər dəyərli  vətən övladlarının ruhu bizləri çarmıxa çəkər! Bu müstəqillik Azərbaycan türklərinin ana südü qədər halal haqqı idi və bu haqqı da əziz millətimiz  bu yolda minbir əziyyətlər, qurbanlar hesabına  əldə etdi, qazandı.

Bəzən belə fikirlər ortaya atılır ki , SSRİ onsuz da məhvə məhkum idi və  onu da  ABŞ başda olmaqla Qərb dairələri, onların bu planlarının mahir ifaçısı Mixail Qorbaçov dağıtdı.  Bəs əgər elədirsə, ötən əsrin 80-ci illərinin  sonlarında Azərbaycan qarışıq bütün keçmiş SSRİ məkanını bürüyən, yüzminləri, milyonları əhatə edən milli-azadlıq hərəkatları nə  və kimin üçün idi? Bəs, Gürcüstanda baş verən aprel faciəsi və buna görə Qorbaçovun üzrxahlığı nə demək idi? Bəs, Vilnüsdə, Riqada baş verən qanlı hadisələr, buna görə  keçmiş Sovet rəhbərliyinin ciddi əndişələri nədən xəbər verirdi? Bəs, hələ bu hadisələrdən bir müddət öncə ğörkəmli dövlət xadimi Dinmühəmməd Kunayevin Kreml tərəfindən milliyyətcə rus Kolbinlə əvəzlənməsinə, növbəti rus istilasına qarşı etiraz əlməti olaraq qardaş qazax türkləırinin ayağa qalxması və onların etiraz səsinin qanlı şəkildə  yatırılması, həmçinin , özbək, qırğız türklərinin istiqlal mübarizəsinə qalxacağından qorxub, keçmiş SSRİ rəhbərliyinin, o cümlədən, məkrli ermənilərin  birgə ssenarisi ilə həyata keçirilən Fərqanə, Oş faciələri nə üçün idi? Bəs, bir geçənin içində Bakının işğalı, qanlı 20 Yanvar nədən ötrü idi?  Bu faciədən cəmi bir neçə gün sonra SSRİ Xalq Deputatlarıının-SSRİ Ali Sovetinin (İttiqaf Sovetinin) sessiyasında 20 yanvar şəhidlərinin ruhun bir dəqiqəlik sükutla yad olunması üçün  o zamankı azərbaycanlı  deputatların, xüsusilə, mərhum dövlət katibi, akademik Tofiq İsmayılovun addımları, məhz onun tərəfindən Qorbaçovun çıxışının yarımçıq dayandırılaraq ayağa qalxması üçün məcbur edilməsi haraya və necə yozulsun? Bu elə Qorbaçov başda olmaqla, 20 Yanvar faciəsində əli olan SSRİ rəhbərliyinin və onların yerli əlaltılarının  öz əməllərinə görə azacıq da olsa , üzrxahlığı , öz qanlı hərəkətlərinin  Azərbaycan türkləri və dünya qarşısında etirafı deyildimi?  Həmin dövrdə bu və digər baş verənlər, onlara görə, acıq və gizli üzrxahlıqlar SSRİ-nin çöküşünə səbəb olan  milli-azadlıq hərəkatlarının etirafından irəli gəlmirdimi?

Hörmətli, “qospodinlər”, “tovarişlər”, “ağalar”, “xanımağalar”, SSRİ-nin çöküşü yuxarıda qeyd etdiyim kimi, Qərbin və ABŞ-ın bir sayılı planı olsa da,  bu çöküşü labüd edən , məntiqi sonluğa çatdıran məhz Azərbaycan türklərinin, o cümlədən, digər azadlıqsevər sabiq SSRİ xalqlarının, onlarının ünlü ziyalılarının, disidentlərinin , milli-azadlıq mübarizəsi, mücadiləsi, dirənişi idi. Nə qədər inkar etsəniz də, bu, belədir, bu, sübuta ehtiyacı olmayan fakt və qaçılmaz reallıqdır!

Eyni zamanda, bəziləri, elə referendumun lehinə səs verənlər indi  belə iddiada bulunurlar ki, onlar bu addımı o zaman  tutduqları vəzifənin ağırlığına , nə bilim digər səbəblərə, şərtlərə görə atmaq məcburiyyətində qalıblarmış. Başdan-ayağa cəfəngiyyatdır! Bəyəm o zaman Qaradağ rayonunun prokuroru işləyən İxtiyar Şirin balaca vəzifə sahibiydi? Bəyəm, böyük bir institutun kafedra müdiri işləyən professor Hacıbaba Əzimov balaca adam idi? Bəyəm, partiya-sovet işçisi olmasına baxmayaraq, hələ 50-60-ci illərdən istiqlal mübarizəsinə qoşulmuş gəncəli mərhum Tofiq Bağırov balaca vəzifə sahibi idi? Bu dəyərli insan o zaman məhz həmin Ali Sovetin sədri işləyən mərhum Elmira Qafarovanın müşaviri vəzifəsini icra edirdi. Bəyəm,o zaman  hüquq-mühafizə orqanlarında işləyən İsgəndər Həmidovla Tahir Əliyev balaca vəzifə sahibi, siravi işçilər idi? Bununla yanaşı, bəyəm, böyük insan, görkəmli yazıçımız  İsmayıl Şıxlının istiqlalçı olması indi kimdəsə şübhə doğurur? Bəyəm,  Azərbaycan, Türk dünyası boyda əzəmətli olan istiqlal şairimiz Bəxtiyar Vahabzadənin istiqlalçı olması  indi kimdəsə sual yaradır? “43-lər”-ə  bir o qədər  aidiyyatı olmasa da,  bəyəm , müasir azadlıq mübarizlərinin lideri Əbülfəz Elçibəyin istiqlalçı olması indi  kiməsə şübhəli görünür? Hələ mən “43-lər”-ə aid olan keçmiş hərəkatçıları, cəbhə liderlərini demirəm... Bəyəm onların ailəsi, qohum- əqrəbası yoxuydu, canları özləri üçün əziz deyildi? Əziz idi, amma onlar o zaman  Vətəni, onun İstiqlalını hər şeydən üstün tutdular, qorxub-çəkinmədilər, referendumun əleyhinə getdilər

Ona görə gec də olsa , həmin “43-lər”-in - düzdür, onlardan 3-4 nəfərinə 1991-ci ildən sonra Azərbaycana yönəlik bir sıra xəyanət projelərində yer aldıqlarına görə xüsusi imtiyazlar verilməsinin əleyhinəyəm və çox yaxşı ki, onlar bu gün  aktiv, fəal siyasətdə deyillər - haqqı tanınmalı, haqqı verilməli, onlar ölkənin ən ali insanları kimi dəyərləndirilməlidirlər. Eyni zamanda,mərhum  Əbülfəz Elçibəy daxil olmaqla, digər istiqlal mübarizlərinin , zamanında  bəzi səhvlərinə və xətalarına rəğmən sabiq prezident , Konstitusiya Aktına imza atan Ayaz Mütəllibovun haqqı tanınmalı, haqqı verilməlidir. Tarix tarixdir, onu yaddaşlardan heç cür silmək olmaz!

Parlamentdəki müzakirələr məndə belə  bir fikri də formalaşdırdı ki, Azərbaycanda istiqlal mübarizəsi, Azərbaycan, türk zehniyyətlilərlə rus zehniyyətlilərin mübarizəsi hələ başa çatmayıb, əksinə bu mübarizə bu gün  daha kəskin gedir. Çox təəssüflər olsun ki , bu gün bir çoxları əynlərinə bahalı Avropa əlbisələri geyinsələr belə, hələ də  beyinlərindən, düşüncələrindən rus, Rusiya sevgisini, sevdasınıı çıxarmayıblar. Amma nə qədər gec deyil, oyanmaq, silkələnmək, bu sevdadan birdəfəlik yaxa qurtarmaq lazımdır!

Yeri gəlmişkən, mən şovinist , irqçi, harasa pərəst deyiləm. Mən Azərbaycan, türkpərəstəm. Məni (millətimizi və dövlətimizi nəzərdə tuturam) sevənləri  sevir, sevməyənləri sevmirəm , mənə səmimi ehtiram göstərənləri qəbul edir, ehtiram göstərməyənlərə ehtiram göstərmirəm. Açıq  şəkildə deyirəm, xüsusilə, məlum Gürcüstan-avqust hadisələrindən sonra rusları (bu xalqın mütəfəkkirlərini, böyük ziyalılarını çıxmaq şərti ilə, onların da əksəriyyəti qanıqarışıqlardır) və Rusiyanı sevmirəm. Çünki harada Rusiya varsa , orada bəla, qan-qada var. Bu gün Azərbaycanda, Gürcüstanda,Dağıstanda, Çeçenistanda, Yaxın Şərqdə, Ərəb və Afrika dünyasında, Əfqanıstanda axıldılan qanların baiskarı Rusiyadır...

Azərbaycan türkləri hər şeyə rəğmən , bu günədək  bir çox olmazları “oldu” edib və inşallah, bundan sonra da edəcək, istiqlal mübarizəmizin tam müvəffəqiyyətlə başa çatacağı , bu mübarizədə tormoz rolunu oynayan  rus zehniyyətlilərin də tatixin arxivinə göndəriləcəyi günlər uzaqda deyil. Odur ki, bu yolda, başa çatmamış  bu istiqlal mübarizəmizdə  hamımıza- bütün Azərbaycan, türk sevdalı insanlarımıza,  türk zehniyyətlilərə, əsl ziyalılarımıza , millətin əsl vəkili olanlara , çox hörmətli dövlət başçımız  İlham Əliyev cənablarına  və  Azərbaycan mədəniyyətinin,incəsənətinin, muğam sənətinin əsl müdafiəçisi, dəstəkçisi birinci ledimiz  Mehriban xanım  Əliyevaya  səbr, dözüm , uğurlar arzulayıram. Allah yollarını,yolumuzu açıq etsin. Amin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...