Gənclər üçün Təhsil Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə icra etdiyi “Özümü ifadə” adlı regional layihəsi çərçivəsində məktəblilər üçün yeni media və foto jurnalistika təlimlərinə başlayıb.
Bu barədə Modern.az saytına birliyin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin yeni media vasitələri haqqında dolğun bilik və bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, onlarda jurnalistikaya maraq oyatmaq, eyni zamanda yeni media imkanları vasitəsilə müxtəlif təşəbbüslərin reallaşdırılmasına kömək etməkdir.
Təlimlər ilin sonunadək Füzuli rayonu Qayıdış qəsəbəsində davam edəcək. Növbəti il isə təlimlərin digər mərhələləri davam etdiriləcək.
Qeyd edək ki, sözügedən təlimlər Mərkəz tərəfindən reallaşdırılan uzunmüddətli layihənin tərkib hissəsidir. Layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşmələrini nəzərdə tutur.
Modern.az