Serbiya prezidenti 18 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində “Hyatt Regency” otelində rəsmi qəbul keçirilib. Tədbirdə Serbiya Respublikasının prezidenti Boris Tadiç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyayiç, portfelsiz nazir Süleyman Uqlyanin və digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Bu barədə Modern.az saytına Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.
Serbiya və Azərbaycan dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov tədbir iştirakçılarına Dövlət Müstəqilliyi gününün tarixindən bəhs edib. Səfir Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi və SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan Respublikasının keçmiş Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş növbədənkənar sessiyasında “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edildiyi barədə məlumat verib,
E.Həsənov deyib ki, 18 oktyabr taixi Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biridir. Səfir bildirib ki, müstəqil Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir.
O, dövlət müstəqilliyinin yenidən bərpasından sonra Azərbaycan Respublikasının əldə etdiyi uğurlardan danışaraq, bu dövr ərzində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müasir tarixində müstəqil dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz rolundan, onun milli mənafeyə söykənən siyasi kursu və dövlət strategiyasının bugünkü bəhrələrindən bəhs edib, hazırda bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Səfir E.Həsənov son 20 il ərzində ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlara toxunaraq, Azərbaycanda irimiqyaslı enerji və nəqliyyat layihələrin reallaşdırılması barədə məlumat verib, hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 2/3 hissəsini təşkil etdiyini, ölkəmizin regionda lider dövlətə çevrildiyini, xalqımızın maddi rifahının günbəgün yaxşılaşdığını qeyd edib.
E.Həsənov diqqəti ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, tarixi Azərbaycan torpaqları olan ərazilərimizin – Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan dövləti tərəfindən işğalı kimi ağrılı probleminə cəlb edərək, münaqişə ilə bağlı BMT TŞ-nın qəbul etdiyi dörd qətnaməyə hələ də məhəl qoyulmadığını xüsusi vurğulayıb, Azərbaycan dövlətinin münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirdiyini bildirib, BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyinin təcavüzkarın öz əməllərindən geri çəkilməsi üçün fəaliyyətini intensivləşdirəcəyinə və təsirli tədbirlər görəcəyinə ümidini ifadə edib.
Daha sonra Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrə toxunan səfir, Azərbaycan-Serbiya münasibətlərinin dinamik şəkildə, yüksələn xətlə inkişaf etdiyini, prezidentlər Boris Tadiç və İlham Əliyevin qarşılıqlı səfərlərinin iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
O, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin hərtərəfli fəaliyyətinə göstərdiyi qayğı və hər cür dəstəyə görə Serbiya dövlətinə, hökumətinə, onun qurumlarına və nümayəndələrinə minnətdarlığını bildirib.
Tədbirdə Serbiya dövləti və hökuməti adından çıxış edən Serbiyanın xarici işlər naziri V.Yeremiç Azərbaycan xalqını və dövlətini 18 oktyabr – dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə təbrik edərək, Serbiya dövləti və rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulayıb və ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və serb musiqiçiləri və müğənnilərinin ifasında milli musiqimizin müşayiəti ilə davam edib.
Modern.az