Modern.az

ADU-da yeni departamenti yaradıla bilər

ADU-da yeni departamenti yaradıla bilər

20 Oktyabr 2011, 11:25

Azərbaycan Dillər Universitetinin (ADU)  rektoru, millət vəkili, professor Səməd Seyidov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Kim En Suku qəbul edib. Məlumatı ADU-nun mətbuat xidməti verib.
Görüşdə Koreya ilə əlaqələrin tarixinə toxunan Səməd Seyidov qeyd edib ki, ölkələr arasında münasibətlərin təməli  1994-cü ildə qoyulub. İki ölkə arasında qurulan münasibətlərin durumuna nəzər salan ADU-nun rektoru  Koreya ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. ADU-nun bir neçə tələbəsinin Koreyada təhsil aldığını deyən rektor rəhbərlik etdiyi universitetdə  magistr pilləsi üzrə Koreyaşünaslıq ixtisasının açıldığını qonağın diqqətinə çatdırıb. Bununla yanaşı, Koreyadan gələn müəllimlərlə çox sıx şəkildə əməkdaşlıq edildiyindən söz açıb.

 Öz növbəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Kim En Suk  Azərbaycana qrant layihələrin ayrıldığını rektorun diqqətinə çatdırıb. Kim En Suk Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq etdiklərini bildirib və 2012-2013-cü il üçün yeni layihələr axtarışında olduğunu deyib:
“Biz bir çox sahələrdə, o cümlədən prioritet sahələrdən biri hesab olunan təhsil sahəsində də yeni layihələr araşdırırıq, müxtəlif dövlət qurumları ilə görüşürük və təkliflər qəbul edirik. Bizim konsepsiya sənədimiz var ki, bütün təkliflər həmin konsepsiyada öz əksini tapır. Bu təkliflərdən ən prioritet olanını seçib reallaşdırmaq istəyirik”.

S. Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında ciddi islahatlar aparıldığını söyləyib: “Kompüter və elektron cihazların sistemləşdirilməsinin və təchiz olunması da bu sahədə olan əsas məsələlərdən biridir. ADU pilot universitetdir və Bolonya sisteminin prinsiplərini tətbiq edir. İnformasiya Texnologiyası departamentinin və elekton universitetin yaradılması gözəl bir layihə ola bilər”.

ADU-da İnformasiya Resurs Kompleksinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdıran rektor bu kompleksdən tələbələrin yararlandığını bildirib.  S. Seyidov universitetdə fəaliyyət göstərən dil mərkəzləri haqqında da qonağa məlumat verib.

S. Seyidov vurğulayıb ki, ən müasir sistemləri ADU-ya gətirmək və tətbiq etmək çox vacib məsələdir. ADU-nun Böyük Britaniyanın  Esseks Universiteti  ilə əməkdaşlıq etdiyini bildirən rektor iki universitet arasında imzalanan müqavilənin şərtlərindən danışıb. Rektor  Dillər Universitetində təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlarını bildirib.  Rektor Koreya ilə əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...