Liviyanın devrilmiş diktatoru Müəmmər Qəddafinin ələ keçirildiyinə dair xəbər yayılıb.
Modern.az saytı BBC-yə istinadən bildirir ki, Liviya Milli Keçid Şurasının rəhbərliyi Qəddafinin doğulduğu Sirt şəhərində yaralandığını və ələ keçirildiyini bəyan edib. Xəbər müvəqqəti hökumət qüvvələrinin bu gün Qəddafinin doğulduğu şəhərdə nəzarətin ələ keçirilməsindən sonra yayılıb.
Liviya Milli Keçid Şurasının rəsmisi Əbdül Məcid "Reuters" agentliyinə açıqlamasında “Qəddafi tutulub. O hər iki ayağından yaralanıb və təcili yardım maşını ilə götürülüb” deyə bildirib.
Liviya ordusunun zabitlərindən biri bildirib ki, Müəmmər Qəddafi yeraltı bunkerdə gizlənirmiş. "Onu əsir alanda "güllə atmayın, güllə atmayın! deyıb qışqırırdı" zabit bildirib. Xəbərə görə, Qəddafi ələ keçirilərkən onun devrilmiş hökumətinin müdafiə naziri Əbu Bəkir Yunus Cebir öldürülüb.
***
"Ria-Novosti"nin məlumatına görə, Liviya Milli Keçid Şurasının rəsmiləri "Qəddafi yaralı olaraq ələ keçiriləndən sonra ölüb" xəbərini yayıblar. Məlumata görə, Qəddafi təkcə ayaqlarından yaralanmayıb, həm də başından vurulub.
Digər məlumata görə, diktatorun oğlu Mütəəssim, Qəddafi hökumətinin daxili təhlükəsizlik xidmətinin rəhbəri Mansur Dau və xüsusi xidmətin şefi Abdullah Senussi yaxalanıblar.
Bu xəbərlərdən sonra Liviyada insanlar küçələrə axışaraq sevinməyə başlayıblar.
Modern.az