Bu gün millət vəkili Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Tovuz rayonunda, ön cəbhədə xidmət edən hərbiçilərlə görüş keçiriblər. Onlar hərbçilərin durumu ilə yerindəcə tanış olaraq, əsgərlərlə həmsöhbət olub, onlara 18 oktyabr bayramı münasibəti ilə hədiyyələr bağışlayıblar.
Qənirə Paşayeva hərbiçilər qarşısında çıxışında dövlət müstəqilliyimizin bərpası, müstəqilliyin ilk illərində Ermənistanın bəzi güclərin dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etməsi, bunun acı nəticələri, dövlətimizin ədalətin bərpası məqsədi ilə apardığı ikitərəfli və çoxtərəfli danışıqlar prosesi, beynəlxalq birliyin məsələyə münasibəti və s. məsələlər barədə ətraflı məlumatlar verib.
Deputat ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayevi və digər cəsur, vətənpərvər oğulları yad edərək, onların simasında Silahlı Qüvvələrimizin gücünü hər kəsin görəcəyi günün uzaqda olmadığına əminliyini bildirib. Hərbi xərclərimizin artıq düşmən ölkənin bütöv büdcə xərclərindən daha çox olduğunu və ordumuzun gücünün getdikcə daha da artdığını deyən millət vəkili, xalqımızın bu bayram günlərində ən böyük arzusunun müstəqilliyimizin bərpasının 21-cı ildönümünü Dağlıq Qarabağımızda və bu gün işğal altında olan digər rayonlarımızda da qeyd edə bilmək olduğunu vurgulayıb: “Mən inanıram ki, o gün uzaqda deyil və biz bu arzumuza catacağıq. Müstəqilliyimizin bərpasının 21-cı ildönümünü işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də qeyd edəcəyik”.
O, “bu istiqamətdə hər kəs, o cümlədən əsgər və zabitlərimiz də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini daha da artırmalıdırlar” deyərək əlavə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibəti ilə hərbi hissədə quluq edən bütün hərbçilərimizi təbrik edərək onlara ən xoş arzularını catdırıb.
Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara öz təşəkkürünü bildirərək, belə görüşlərin əsgərlərimiz üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib.
Modern.az