Bu gün Heydər Əliyev adına Respublika Sarayında Gənclərin VI Formunda iştirak etmək üçün 2000-ə yaxın gənc bir araya gəlib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edirlər.
Forumun proqramına əsasən gənclər ilk olaraq Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycan Gənclərinin VI Forumunda prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub. Müraciəti Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov oxuyub.
Forum çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin prespektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunacaq.
İlk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilıb. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalayıb.
Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu baş tutub. Belə ki, II Forum – 1999-cu il, III Forum – 2003-cü il, IV Forum – 2005-ci il, V Forum – 2008-ci ildə keçirilib.
Modern.az