Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
"Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur. Zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.
Türkiyə Böyük Millət Məclisinin İzmir şəhərindən olan deputatı Atilla Sertel Modern.az-a bildirib ki, hər iki ölkə üçün “Star” neft emalı zavodunun açılmasının əhəmiyyəti çox böyükdür.
“Biz bu layihəni alqışlayırıq və əməyi keçən hər bir kəsə təşəkkür edirik. Hesab edirəm ki, bu layihə Azərbaycan və Türkiyəyə çox yararı olacaq. Onsuz da biz iki dövlət, tək millət anlayışı ilə hərəkət edirik. Bildiyimiz kimi, Azərbaycanda da bir çox türk şirkətləri fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycanın da Türkiyəyə yatırımları çox önəmlidir. Bu, həm iqtisadi anlamda, həm də dostluq anlamında önəmlidir”.
Deputatın sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən layihələr Türkiyə və Azərbaycan xalqlarının milli maraqları əsasında dayanan birliyin və etibarlılığının göstəricisidir.
“"Star" neft emalı zavodu güclü müəssisədir və onun açılışı ikitərəfli əməkdaşlığın miqyasını genişləndirəcək, energetika sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdıracaq”.
A.Sertel bidirib ki, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı yüz illər əvvələ söykənir və bu dostluq, qardaşlıq yüksələn xətt üzrə inkişaf edir.