Modern.az

Parlamentdə Elçibəylə Mütəllibovu müdafiə edən deputatlar da oldu

Parlamentdə Elçibəylə Mütəllibovu müdafiə edən deputatlar da oldu

25 Oktyabr 2011, 14:18


Milli Məclisdə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsi ciddi müzakirələrlə yadda qalıb.

Müzakirələr  zamanı bəzi deputatlar sənədə iradlarını bildiriblər, bəziləri onu müdafiə ediblər.

Deputat Elman Məmmədov deyib ki, Xocalı soyqırımında məsuliyətini dərk etməyən,  fəaliyyətsizlik göstərən bir sabiq prezidentə bu qanun şamin edilməməlidir.
“Ona status vermək olmaz. Əgər status verilsə, gələcək, qorumaları ilə gəzəcək. Əgər biz bunu bu şəkildə etsək, çox pis bir ənənə yarada bilərik. Ona görə biz bunun əleyhinə olmalıyıq”-deyə E.Məmmədov qanunun eks-prezident Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxıb.

Spiker O. Əsədov isə E. Məmmədova cavab olaraq bildirib ki, əgər A.Mütəllibov prezident səlahiyyətlərini, vəzifələrini yerinə yetirə bilsəydi istefa  verməzdi, 5 il vəzifədə qalardı: «Kimin qəbul edib-etməməsindən asılı olmayaraq fakt odur ki o prezident olub».

Deputat Xanhüseyn Kazımlı isə qanunun bütün müasir tələblərə cavab verdiyini və qəbulunun vacibliyini vurğulayıb.

Millət vəkili Elmira Axundova da qeyd edib ki, qanundakı bir çox mürəkkəb suallara Konstitusiya Məhkəməsi rəy verməlidir.

Deputat İqbal Ağazadə isə qeyd edib ki, bu qanun layihəsi çoxdan gözlənilən bir sənəd idi. Onun qəbulu ölkədə barış mühitinin yaradılmasında mühüm rol oynaya bilər. Eyni zamanda deputat  bu qanunun hər üç sabiq prezidentə şamil olunmasının vacibliyini vurğulayıb və həmkarlanı qanunun qəbuluna səs verməyə çağırıb.

Deputat  Musa Quliyev isə qeyd edib ki, qanunda H.Əliyev və Ə.Elçibəylə bağlı fikir ayrılığı yoxdur. Fikir ayrılığı əsasən A.Mütəllibovla bağlıdır. M.Quliyev deyib ki, qanunun A.Mütəllibova şamil olunması üçün Konstitusiya Məhkəməsinin rəyi olmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, hökumət  2 aprel aksiyalarında həbs olunları, o cümlədən Arif Hacılını həbsdən azad etməlidir.

Q.Həsənquliyev bildirib ki, eks-prezidentlərə indiki prezidentin aldığı maaşın 80%-i həcmində təqaüd verilməlidir:
«Qanun da elə yazılmalıdır ki Konstitusiya Məhkəməsinin şərhinə ehtiyac qalmasın. Mütəllibova elan olunmuş ittihamlar o eks-prezident olduğu dövrdə  törətdiyi hərəkətlərə görədir. Mütəllibov çox ağır cinayətlərdə ittiham olunur. Həm 20 yanvar, həm Xocalı faciəsində. Buna baxmayaraq, mən bu qanunun qəbuluna səs verəcəm. Bu qanun Əbülfəz Elçibəyə şamil olunmalıdır.  Burada mühafizəçilərin silah gəzdirməsi və eks-prezidentin evinin müvafiq orqanlar tərəfindən qotunması məsələsi də əksini tapmalıdır».

Deputat Əli Məsimli isə qeyd edib ki, qanun müasirdir və o bu qanuna səs verəcək.  Bu gün ictimai rəy bu məzmunda qanunun qəbulunu istəyir.

Deputat Məlahət İbrahimqızı isə bildirib ki, qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılmazdan öncə Konstitusiya Məhkəməsi rəy verməlidir: «Belə bir qanun vətəndaş konsensusunun, vətəndaş birliyinin təmin olunmasında mühüm sənəddir. Mən bunu yüksək səviyyədə qiymətləndirirəm. Bu qanundan öncə keçmiş prezidentlərin günahlarının, hərəkətlərinin reablitasiyası ilə bağlı bir sənəd qəbul edilməlidir».

Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, bu gün Azərbaycan üçün sözügedən qanun önəm daşıyır. Bu qanun nə qədər humanist mahiyyət daşısa o qədər də cəmiyyətimiz üçün önəmlidir: «O dövrdə müharibə idi, ölkədə daxili qarşıdurma vardı və səhvlər qaçılmaz idi. İyirmi il ölkədən kənarda mühacirət həyatı yaşamaq bir cəzadır və düşünürəm ki,  Ayaz Mütəllibov da bundan nəticəsini çıxarıb. Düşünürəm ki, qanun həm Elçibəyə, həm də Mütəllibova şamil olunmalıdır».
S.Rüstəmxanlı bəzi həmkarlarına irad tutub: «Bəzi millət vəkilləri öz adlarından danışırlar. «Mən belə istəyirəm», «mən belə düşünürəm» və s. Bu cür danışmaqdansa, gedib seçiciləri ilə görüşsün. Görsün seçicisi nə istəyir».

YAP-çı deputat Aydın Mirzəzadə qeyd edib ki, qanun hüquqa söykənərək yazılıb və hüquqa söykənib. İndiyə qədər olan sualların hamısına cavab var. 

Millət vəkili Çingiz Qənizadə bildirib ki, qanun siyasi gərginliyi ortadan götürəcək: «Bu addımı dövlət atmalı idi və atdı. Çox təəssüf edirəm ki, burada adlar hallanır, keçmiş prezidentlər müzakirə obyekti olur. Düşünürəm ki, biz geriyə baxmamalıyıq. Ayaz Mütəlibov və Elçibəy Konstitusiyanın 104-cü maddəsi ilə - yəni istefa verərək vəzifədən gediblər. Onlara bu qanun şamil olunur. Bu günədək Azərbaycanda impiçment yolu ilə prezident vəzifəsindən kənarlaşdırılmayıb. Hesab edirəm ki, bu qanun qəbul edilməlidir».

Asim Mollazadə bildirib ki, Əbülfəz Elçibəyə eks-prezident statusunun verilməsi müsbət haldır. Bu qanun Azərbaycanda vətəndaş həmrəyliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Deputat Fərəc Quliyev müzakirə olunan sənədi islahatçı qanun adlandırıb.  

Vitse-spiker Valeh Ələsgərov qeyd edib ki, sənəd Azərbaycanın Konstitusiyasına uyğun olaraq hazırlanıb. Vitse-spiker millət vəkillərinə müraciət edərək deyib ki, kimin irad və təklifi varsa, hüquqi formada yazılmış şəkildə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etsin. 

Komitə sədri Əli Hüseynli isə çıxışında vurğulayıb ki, tarixi keçmiş, siyasi məsələlərlə bağlı spekulyasiyalar edilməməlidir:
«Bu qanunun qəbulu o demək deyil ki, əvvəlki tarixi proseslərə, siyasi baxışlarımıza münasibət dəyişir. Bizim iradəmiz çatır ki əvvəllər hərəkətlərinə və hərəkətsizliyinə görə məhkum olunmuş insanlara fərqli müasibət sərgiləyək. Bu qanunun rəy üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə fikrlər məni təəccübləndirdi. Parlamentin hazırladığı hər hansı qanunun rəy üçün Konstitutsiya Məhkəməsinə göndərilməsi proseduru yoxdur. Bu qanun üzərində Konstitusiya hüququ üzrə ixtisaslaşmış ən tanınmış mütəxəssislər çalışıb».

Sualları cavablandıran Ə. Hüseynli bildirib ki, əvvəllər prezident olmuş şəxslərin heç biri impiçment qaydası ilə vəzifədən uzaqlaşdırılmayıb. Qanunun haqqında cinayət təqibi elan olunmuş şəxslərə şamil olunmasına gəlincə, Ə. Hüseynlinin sözlərinə görə, bu Konstitusiya Qanunudur və cinayət təqibinə xitam vermək hüququna malikdir. Mən bura «prezident vəzifəsinə şərəf və ləyaqətlə yanaşmaq» fikrini qəbul etmirəm.

Qanun layihəsi səsə qoyularaq 110 nəfər  lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla, 1 nəfər isə səs verməyməklə birinci oxunuşda qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı