Ədliyyə Nazirliyi "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində açıqlama verib.
Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidməti bildirib ki, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə təsirli tədbirlər görülərək, təkcə bu ilin 9 ayı ərzində icradan yayınan 1200-dən çox şəxs inzibati, 164 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
“Vətəndaşların şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən, böhtan xarakterli, təhqir və əsassız ittihamlarla dolu məlumatların dərc olunmasına görə "Xural" qəzetinə qarşı məhkəmələrdə dəfələrlə iddialar qaldırılaraq qərarlar çıxarılmış və icraya yönəldilmişdir”-deyə nazirlik bildirib.
Qeyd olunub ki, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı vətəndaş Hümbətova Nüşabə Ələsgər qızının, "Azərbaycan" Nəşriyyatı və vətəndaş Ağabəy Əsgərovun, vətəndaş Vüqar Səfərlinin şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatlarla bağlı təkziblərin verilməsi və onlara dəymiş mənəvi ziyana görə kompensasiyaların ödənilməsi ilə bağlı çıxarılmış 3 məhkəmə qərarının icrasından imtina edib, icra məmurları tərəfindən mütəmadi olaraq rəsmi xəbərdarlıqların edilməsinə, müvafiq izahların verilməsinə və digər icra tədbirlərinin həyata keçirilməsinə, hətta 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, məhkəmə qərarlarında nəzərdə tutulan tələblərin icrasından uzun müddət boyun qaçırıb.
“Bununla əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qərəzli şəkildə icra etmədiyinə görə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılır.
Məhkəmə qərarlarının vaxtında və tam icrası üzrə görülən ardıcıl və qəti tədbirlər bundan sonra da davam etdiriləcəkdir”-deyə nazirliyin açıqlamasında qeyd olunub.
Modern.az