Modern.az

Azərbaycanda ruhi xəstə diaqnozunu yalnız ixtisaslı həkimlər qoyacaqlar

Azərbaycanda ruhi xəstə diaqnozunu yalnız ixtisaslı həkimlər qoyacaqlar

25 Oktyabr 2011, 17:49

Milli Məclis «Psixatriya yardımı» haqqında qanuna dəyişiklik edib. Qanun layihəsinə dəyişikliklər barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 22 maddəyə 41 dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklərdə bəzi anlayışların dəqiq izahı verilib.

M. Quliyevin sözlərinə görə, mövcud qanuna dəyişikliklərdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb. Dəyişikliklər psixi xəstələrin hüquqi statusunun dəqiqləşdirilməsi və sosial şəraitlərinin yaxşılaşdırılması məqsədi daşıyır: «Burada əsas dəyişikliklərdən biri ruhi xəstə diaqnozunun təyini ilə bağlıdır. Qanuna təklif edilən dəyişikliyə görə, ruhi xəstə diaqnozu yalnız ixtisaslı psixiatrlar tərəfindən qoyula bilər. Bundan başqa, qanunda psixi xəstələrin hospitallaşdırılması ilə bağlı məsələlər də əksini tapıb».

Qanuna digər dəyişikliklər sırasında ruhi xəstələrin ombudsmanla görüşünə, müalicə müəssisələrində onların dini ayinlərini yerinə yetirmələrinə icazələrin verilməsi və müvafiq yerlərin ayrılması da var. Başqa bir əlavə isə psixatriya yardımı göstərən həkim-psixatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu olan şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu olan şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılmalı və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilməlidir.

Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli bildirib ki, son 10 ildə psixatriya və psixi yardım sahəsində dünyada çox dəyişiklik olub. ÜST-ün məlumatına görə, dünya əhalisinin 10%-i, Avropa əhalisinin isə 20%-i psixi pozğunluqdan əziyyət çəkir. Psixi pozuntuya yardım edənlər tək psixiatrlar deyil, ailə həkimləri və poliklinika həkimləri də olacaq.

Qanun layihəsinə dəyişikliklər müzakirələrdən sonra təsdiq olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama