Onların arasında İsrail də var
Türkiyə hökuməti oktyabrın 23-də Van bölgəsində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 30-dan çox ölkədən yardım istəyib. Türkiyənin yardım istədiyi ölkələr arasında İsrail də var. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.
Van zəlzələsinin dərhal ardından ilk kömək təklif edən ölkələrdən biri İsrail idi. Öncə İsrail prezidenti Simon Peres Türkiyənin dövlət başçısı Abdulla Gülə telefona açaraq yardım təklif etmişdi. Sonra İsrail baş naziri Netanyahu şəxsən baş nazir Ərdoğanı arayaraq həm başsağlığı vermiş, həm də yardım təklif etmişdi.
Ancaq, Türkiyə bu günə qədər İsraildən ard-arda gələn kömək təkliflərinin hamısını rədd etmişdi. Bu gün isə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi olaraq İsrail də daxil 30 ölkədən kömək istəyib. Müraciətdə Vanda evsiz qalan zəlzələ qurbanları üçün çadırlar, yığma evlər və tikinti materiallarına ehtiyacı olduğu bildirilib.
İsrail anındaca bu müraciətə müsbət cavab verib. İsrail xarici işlər naziri Lieberman bildirib ki, XİN müvafiq quruma təlimat verərək istənilən vəsaitin təmin edilib təcili olaraq Türkiyəyə göndərilməsini istəyib.
Yaponiya da Türkiyəyə kömək göndərmə qərarı verib. Yaponiyanın Ankara Səfirliyindən bildirilib ki, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə zəlzələdən zərər görən Türkiyəyə 30 milyon yapon iyeni (təxminən 400 min ABŞ dolları) dəyərində yardımolaraq göndəriləcək.
Makedoniya hökuməti də Vanda meydana gələn zəlzələdə evləri ziyan görən insanlara 100 min avro dəyərində pul köməyi göndərməyə qərar verib.
Modern.az