Modern.az

Məşhur norveçli alim Tur Heyerdalın arvadı və oğlu Azərbaycana gəlib

Məşhur norveçli alim Tur Heyerdalın arvadı və oğlu Azərbaycana gəlib

Təhsil

26 Oktyabr 2011, 14:19

Oktyabrın 26-da Azərbaycan Dillər Universitetində ADU-nun və Norveçin Oslo Universitetinin təşkilatçılığı ilə “Tur Heyerdal  və  Azərbaycan”  mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Norveç, ABŞ, Böyük Britaniya, Gürcüstan, Rusiya və Azərbaycandan olan tədqiqatçıların qatıldığı konfransın açılış mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu, Tur Heyerdalın həyat yoldaşı Jaklin Ber Heyerdal və oğlu kiçik Tur Heyerdal iştirak edir.  Azərbaycan Respublikasının  müstəqilliyinin 20 illiyi,  Norveçin Oslo Universitetinin  200 illiyi   və   məhşur  Norveç  səyyahı, yazıçısı və  alimi  Tur  Heyerdalın   Azərbaycana  ilk səfərinin  30 illiyinə həsr olunan və dörd gün davam edəcək konfrans Azərbaycan və Norveç respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfransın Norveç-Azərbaycan arasında olan əlaqələrin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəhbərlik etdiyi universitetdə  Skandinaviya Araşdirmalar Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran S. Seyidov bu mərkəzin ölkələr arasında əalqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini söyləyib.  Məşhur Norveç səyyahı Tur Heyerdalın 1994-cü ildə Azərbaycan Respublikasının keçmiş prezidenti, mərhum  Heydər Əliyevlə görüşdüyünü xatırladan rektor bu görüşün əlaqələrin sonrakı inkişafında önəmli rol oynadığını bildirib.  O, Tur Heyerdalın Azərbaycana 4 dəfə səfər etdiyini və  tədqiqatlar apardığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. Rektor  Norveç və Azərbaycan münasibətlərinə həsr olunmuş film çəkildiyini də sözlərinə əlavə edib.

Oslo Universitetini kafedra müdiri Bente Kristensen isə çıxışında çalışdığı ali təhsil ocağının tarixindən danışıb.  ADU-da keçirilən konfrasın ölkələr arasında təhsil, mədəniyyət, elm və digər sahələrdə olan münasibətlərin gələcək inkişafına təkan verəcəyini qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Statoyl” şirkətinin Azərbaycan üzrə meneceri Laş Troen Sörensen, Norveçin Azərbaycandakı səfiri  Erlinq Şönsberq, kiçik Tur Heyerdal və Oslo Kon-Tiki muzeyinin direktoru Maya Bəuge  çıxış edərək Tur Xeyerdalın Azərbaycan və region haqqındakı nəzəriyyələri,  onun Azərbaycana səfərləri və alimin iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolundan bəhs ediblər.  

“Azerbaijan İntenational” jurnalının baş redaktoru Betti Bleyer isə Tur Heyerdalın Azərbaycanda olan tədqiqatlarından bəhs edən Azərbaycan dilində nəşr olunan ilk kitabın yaranma tarixindən danışıb.  Betti Beleyer redaktoru olduğu Azərbaycan və ingilis diilərində çapdan çıxan  “Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq. Azərbaycanla əlaqələr” adlı kitabını konfrans iştirakçılarına təqdim edib.

Sonra konfrans Heyerdalın “Odin nəzəriyyəsi tarixçəsi” mövzusunda müzakirələrlə davam edib. Qeyd edək ki, konfransa oktyabrın 29-da yekun vurulacaq. Konfrans çərçivəsində “Odin nəzəriyyəsi-Arxeoloji sübut”, “Heyerdalın müxtəlif asdpektlərdən tədqiq edilən işi”, “Odin nəzəriyyəsi-Metodologiya və müxtəlif yanaşmalar” mövzularında müzakirələr aparılacaq. Bununla yanaşı, konfrans iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğuna, Yanardağ və  "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna səyahə edəcəklər.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama