Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən 13 nəfər ifşa olunub, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
İfşa olunanlar Azərbaycan vətəndaşları Panaliyev Bəxtiyar Xanqulu oğlu, Məmmədov Mais Kitabəli oğlu, Əzizov Namiq Əmir oğlu, Baxşəliyev Rafəddin Nadir oğlu, Əməşov Eldar Ehtimad oğlu, Əməşov Elşən Ehtimad oğlu, Nəhmədov Əbülfəz Əli oğlu, Məmmədov Vüsal Həzrət oğlu, İran İslam Respublikasının vətəndaşı Qasimi İlxanlar Abdulla Böyük oğludur.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilən Azərbaycan Respublikasının vətəndaşı Əliyev Abbas İsmayıl oğlu saxlanılıb və 2011-ci il oktyabrın 13-də Azərbaycana ekstradisiya edilib.
Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti, Türkiyə, Ukrayna və Belarus xüsusi xidmət orqanları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Gürcüstan Respublikasının vətəndaşları D.E.Hüseynov, E.B.Cəlilov və Rusiya Federasiyasının vətəndaşı E.İ.Piriyev saxlanılıb, keçirilmiş baxış nəticəsində onlardan 3 kiloqram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Həmin narkotik vasitələr İran İslam Respublikasından yükdaşıma şirkəti vasitəsilə qaçaq yolla Türkiyəyə, oradan Ukraynaya və daha sonra Belarusun ərazisindən tranzit keçirilməklə Rusiyanın Krasnoyarsk şəhərinə göndərilib.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Modern.az