“Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin kordinatoru Əliməmməd Nuriyev, üzvləri Sahib Məmmədov, Zalihə Tahirova, Şahin Camalov, Elmira Ələkbərova, Səidə Qocamanlı və Elmari Məmişov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, general-mayor Mədət Quliyevlə görüşüblər. Bu barədə Modern.az-a İctimai Komitənin kordinatoru Əliməmməd Nuriyev məlumat verib.
Görüş zamanı Mədət Quliyev Penitensiar sistemdə aparılan islahatlar, görülən işlər, çəzaçəkmə mühitinin yaxşılaşdırılması, kadrların yenilənməsi barədə məlumat verib, qeyd edib ki, fəaliyyətində nöqsana yol vermiş 200-də artıq şəxs vəzifədən kənarlaşdırılıb.
Digər tərəfdən məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması, asudə vaxtın daha səmərəli təşkili, məşğulluq səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülmüş, qanunvericilikdə bir sıra dəyişikliklər baş verib. Penitensiar Xidmətin rəisi qeyd edib ki, islahatların aparılmasına davam ediləcək və bu işdə QHT-lər, ictimai təsisatlar, xüsusilə də İctimai Komitə ilə əməkdaşlığa böyük əhəmiyyət verilir. İctimai Komitə üzvlərinin bütün məsələlər üzrə daha dərin monitorinqlərin keçirilməsi və nöqsanları daha aydın özündə əks etdirən hesabatlar hazırlayaraq Penitensiar Xidmətə təqdim etməyi təklif edib.
İcytimai Komitənin koordinatoru Əliməmməd Nuriyev 10 ay ərzində görülmüş işlər barədə, aşkarlanan problemlər və bu problemlərin həlli üçün Komitənin nəzərdə tutduğu fəaliyyətlər haqqında məlumat verib. Komitənin digər üzvləri çıxış edərək bir çox təkliflər səsləndiriblər.
Sonda Mədət Quliyev belə görüşlərin mütəmadi olaraq keçirilməsini təklif edib.
Modern.az