“Bu ilin sonuna kimi qaçqın və məcburi köçkünlər üçün 3 yaşayış massivinin açılışı olacaq. Bunlar Ağcabədi rayonundakı 552 fərdi mənzildən ibarət qəsəbə, Goranboydakı 9 beşmərtəbəli və Ağcabədi də 556 ailələlik hündür mərtəbəli binalardır”.
Bu məlumatı Modern.az saytına açıqlamasında Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, İnformasiya və Mətbuat Departamentinin rəhbəri Elçin Qədimov deyib.
“Yaxın günlərdə Ağcabədi rayonu ərazisində bütün infrastruktur, texniki avadanlıqları ilə təmin edilmiş qəsəbənin açılışı olacaq. 552 fərdi mənzildən ibarət qəsəbədə rayon ərazisindəki fin tipli evlərdə məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşacaqlar.
Bundan sonra isə Goranboy rayonu ərazisində tikilən 524 ailəlik 9 beşmərtəbəli binanın açılışı olacaq. Noyabrın axırına kimi orda tikinti işləri tam sona catacaq və noyabrın axırı, dekabrın əvvəlində həmin obyektin açılışı olacaq. Burada Xocalı rayonundan olan məcburi köçkünlər məskunlaşacaq.
Ağcabədi rayonunda 556 ailəlik hündürmətəbəli binanın açılışı olacaq. Burada da Ağdam, Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlər məskunlaşacaq. Bütün infrastruktur obyektləri ilə birlikdə hazır olacaq həmin obyektin açılşı da noyabrın axırı, dekabrın əvvəlində gerçəkləşəcək”.
Masazır ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış obyektinə gəlincə, E.Qədimov burada layihələndirmə işlərinin davam etdirildiyini bildirib. Onun sözlərinə görə, ərazinin texniki şərtləri hazırlanıb və layihə ekspertiziya göndərilib.
“Ekspertizadan keçəndən sonra burada yəqin ki, ilin sonuna kimi tikinti işlərinə başlanılar. İlkin mərhələdə həmin ərazidə 4 beşmərtəbəli bina tikiləcək, 210 ailə, başqa sözlə 800 nəfərdən ibarət məcburi köçkün burada məskunlaşacaq. Bakı Dövlət Universitetinin iki yataqxanasında yaşayan köçkünlər həmin əraziyə köçürüləcək”.
Aytən ƏLİYEVA