“Gürcüstanda prezident seçkiləri azad və demokratik şəraitdə keçib. Gürcü xalqı heç bir təsir olmadan seçkidə öz münasibətlərini ortaya qoyub. Bəzi məntəqələr istisna olmaqla seçici aktivliyi bir o qədər də yüksək deyildi. Gürcü seçicilərin heç bir təsir olmadan səsvermədə iştirakı demokratik ölkələr üçün xarakter əlamətlərdən biridir”.
Bu sözləri Modern.az-a açıqlamasında oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin xətti ilə müşahidə edən Milli Məclisin deputatı Musa Quliyev deyib.
Deputat bildirib ki, “exit-poll”un və Gürcüstan Mərkəz Seçki Komissiyasının elan etdiyi nəticələrə uyğun olaraq hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze təxminən eyni səs toplayıblar:
“Hər iki namizəd 50 faizlik həddi keçmədiyinə görə seçki ikinci tura qalıb. Hesab edirəm ki, ikinci turda da gərgin mübarizə keçəcək. Amma kimin seçiləcəyini əvvəlcədən söyləmək mümkün deyil. Bəziləri deyir ki, ikinci turda David Bakradze öz səslərini Qriqol Vaşadzeyə verəcək. Ancaq məlum deyil ki, David Bakradzenin tərəfdarlarının nə qədər güclü səsi olacaq. Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin tərəfdarları kifayət qədər fəaldırlar. Artıq ötən seçkilərdə itirdikləri elektoratı toparlamağı bacarıblar. Hər halda iki həftədən sonra Gürcüstanın yeni prezidentinin kimliyi bəlli olacaq”.
M.Quliyev deyib ki, Gürcüstan və Azərbaycan dost və qonşu ölkələrdir:
“Bizim Gürcüstanla iqtisadi və strateji əməkdaşlığımız var. Azərbaycan dost, qonşu ölkə kimi Gürcüstanda əmin-amanlığın, qanun və hüququn qorunmasının tərəfdarıdır”.