Bu gün Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı Səfirliyinin Siyasət şöbəsinin müdiri Antoni Beirdi və siyasi məsələlər üzrə müşavir Ceymi Smiti qəbul edib. AVP-nin mətbuat xidmətindən bildirilib ki, görüşdə Ana Vətən Partiyasının tarixi, siyasi proseslərdəki rolu və mövqeyi, Azərbaycandakı mövcud siyasi durum, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Parlamentində qəbulu vacib olan bir sıra qanun layihələri haqqında müzakirələr aparılıb.
Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın siyasi proseslərdəki rolunu qiymətləndirərək bildirib ki, AVP Azərbaycan tarixinin ən ağır dövrlərindən birində yardılıb və bu günə qədər olduqca şərəfli bir yol keçib. Millət vəkili həmçinin qeyd edib ki, ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk Qrupu işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistana eyni möve sərgiləyir:
“Bu isə yolverilməzdir. Və bu təkcə mənim deyil, bütün Azərbaycan xalqının mövqeyidir. Necə olur ki, Liviyaya qarşı BMT-də 1 qətnamə qəbul olunandan sonra bütün böyük dövlətlər ona qarşı hərbi əməliyyatlar aparır, amma BMT-də Ermənistana qarşı 4 qətnamənin qəbul olunmasına baxmayaraq, bu qətnamələrin heç biri yerinə yetirilmir və heç bir dövlət Ermənistana təzyiq göstərmir ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin”.
Modern.az