Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınacaq. Həmin avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə göndəriləcək. Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 250 çadır, 700 səhra yataq dəsti, 3000 ədyal, 2000 yataq dəsti və 2 səhra mətbəxi təbii fəlakət bölgəsinə çatdırılıb. Göndərilmiş çadırlardan ibarət "çadır şəhərciyi" bu gün axşam saatlarında quraşdırılaraq zərərçəkmiş əhaliyə təhvil veriləcək. Həmçinin, Nazirliyin xilasediciləri ilk saatlardan etibarən türk həmkarları ilə birlikdə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində yaxından iştirak edirlər.
Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 10 nəfər xilas edilib və 41 cəsəd tapılaraq çıxarılıb.
Modern.az