Modern.az

Bu gün Azərbaycandan Türkiyəyə 40 avtomobil yardım göndərilib

Bu gün Azərbaycandan Türkiyəyə 40 avtomobil yardım göndərilib

27 Oktyabr 2011, 10:15

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələdən zərər çəkmiş Türkiyənin Van vilayətinə növbəti yardım göndərib. 40 avtomobildən ibarət yardım karvanı oktyabrın 27-si saat 03:00-da Bakıdan Türkiyəyə yola düşüb. Avtomobil karvanı İran ərazisindən keçməklə Türkiyəyə hərəkət edəcək.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, FHN Azərbaycan prezidentinin göstərişi əsasında oktyabrın 23-də - zəlzələ baş verdiyi andan Türkiyəyə yardımlar göndərməyə başlayıb. Bu gün yola salınan yardım karvanı ilə Van bölgəsinə 1000 ədəd çadır, 2 min ədəd ədyal, 40 ədəd transformator və 40 dəst mətbəx ləvazimatı yola salınıb.

«Bu günədək FHN tərəfindən Türkiyəyə 250 çadır, 700 ədəd səhra yataq dəsti, 3 min ədəd ədyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxi göndərilib. Eyni zamanda 213 xilasedicimiz hazırda Van bölgəsində çalışmaqdadır. Bizdə olan məlumata əsasən, bu günədək xilasedicilərimiz uçqunlar altından 10 insanı və 41 cəsədi çıxarmağa nail olub», - deyə nazir müavini vurğulayıb.

E. Mirzəyevin sözlərinə görə, oktyabrın 23-dən bu günə qədər Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 mln. 700 min ABŞ dolları təşkil edir. Zərurət yaranarsa, Azərbaycan FHN Van bölgəsinə əlavə yardımlar göndərəcək.

Nazir müavini yardım karvanının vaxtında Türkiyəyə çatdırılması üçün diplomatik kanallar vasitəsi ilə İranla danışıqlar aparıldığını və müvafiq icazələrin alındığını bildirib.
Nazir müavini onu da qeyd edib ki, FHN-nin xilasediciləri tərəfindən Van bölgəsində çadır şəhərciyi salınaraq zəlzələdən zərər çəkmiş əhalinin ixtiyarına verilib.

APA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama